<<<Oxuyun cox maraqlidi>>>
NARDARANLI
16 Mart 2014 / 22:40
Bəhlulla Harunun söhbəti
Bir gün Harun ər-Rəşid Bəhlulu saraya çağırır.
Harun eşitmişdi ki, Bəhlul onun hakimiyyətini daim
tənqid edir, camaatı onun əleyhinə qaldırır.
Buna görə söhbətə başlayan kimi Bəhluldan
soruşur: “Sən mənim aqibətim haqqında nə
fikirləşirsən? Qiyamət günündə vəziyyətim necə
olacaq?” Bəhlul cavab verir: “Qoy Allahın kitabı
Quran bizim aramızda hakim olsun. Öz
hərəkətlərini Quranda yazılanlarla yoxla, onda öz
aqibətinin necə olacağını bilərsən. Quranda
buyurulur ki, “Həqiqətən, yaxşı əməl sahibləri
cənnətdə qərar tutacaqlar. Pis əməl sahibləri isə
cəhənnəmdə olacaqlar” (İnfitar, 13-14). Əgər
əməllərin yaxşıdırsa, aqibətin də yaxşı olacaq. Əks
halda, pis sonluqla qarşı-qarşıya gələcəksən”.
Harun onun sözlərindəki eyhamı başa düşüb
soruşur: “Deyəsən, düşünürsən ki, pis əməllərimə
görə məni cəhənnəmə salacaqlar. Bəs etdiyim
yaxı işlər nə olacaq? Axı mənim savablarım da
var”. Bəhlul cavab verir: “Allah yalnız təqvalıların
əməlini qəbul edər (Maidə, 27)”.
Harun başa düşür ki, Bəhlul onun yaxşı əməllərinin
təqvaya görə yox, bəzi maraqlara görə edildiyini
nəzərdə tutur. Soruşur: “Yaxşı, bəs Allahın
mərhəməti harada qalacaq?” Bəhlul bu ayə ilə ona
cavab verir: “Allahın mərhəməti yaxşılıq edənlərə
çox yaxındır” (Əraf, 56). Bəhlul bununla Allahın
Qiyamət günündə yalnız yaxşılıq edənlərə
mərhəmət göstərəcəyinə və zalım xəlifənin bu
mərhəmətdən uzaq olacağına işarə vururdu.
Harun əlacsız qalıb bu sualı verir: “Bəs, mənim
Peyğəmbərlə qohumluğum kömək
etməyəcək?” (Harun Abbasilər soyundan, yəni
Həzrət Mühəmməd Peyğəmbərin (s) əmisi
Abbasın nəslindən idi). Bəhlul yenə onun
bəhanəsini kəsib bu ayəni oxuyur: “Sur (qiyamət
şeypuru) çalınacağı gün artıq aralarında nə
qohumluq əlaqəsi olar, nə də onlar bir-birindən
soruşub hal-əhval tutarlar” (Möminun, 101).
Harun suda boğulub saman çöpündən yapışan
adam kimi son bəhanəyə əl atır: “Bəs,
Peyğəmbərin şəfaəti?” Bəhlul deyir: “Şəfaət də
Allahın icazəsinə bağlıdır”. Sonra bu ayəni oxuyur:
“O gün Rəhmanın izn verdiyi və söz danışmağına
razı olduğu kəslərdən başqa heç kimin şəfaəti
fayda verməz!” (Ta-Ha, 109).
Harun Bəhlulun tutarlı sübutlarının qarşısında aciz
qalır, başa düşür ki, bu mübahisəni davam
etdirmək mənasızdır. Bəhlulun könlünü almaq
üçün axırda soruşur: “Bir istəyin varsa de, həyata
keçirim”. Bəhlul gülümsəyib deyir: “Xahişim odur
ki, günahlarımı bağışlayıb məni cənnətə salasan”.
Harun təəccüblə söyləyir: “Bu, mənim imkanım
həddində deyil. Özün də bilirsən ki, bunu yalnız
Allah bacarar. Amma eşitmişəm ki, çoxlu borcun
var. Icazə versən, sənin əvəzinə borclarını
ödəyərəm”. Bəhlul qorxmadan cavab verir: “Sən
özün camaatın malını qəsb etmisən, xalqa
borclusan. Bu qədər borcun olduğu halda mənim
borcumu necə verəcəksən? Niyyətin doğrudursa,
camaatın malını özünə qaytar”.
Harun Bəhlulu sakitləşdirməkdən ümidini
üzməmişdi. Bir daha buna cəhd edib soruşur:
“İstəyirsən əmr verim ki, ömrünün sonuna kimi
sənin üçün xəzinədən məvacib ayırsınlar?” Bəhlul
yenə özünü sındırmadan cavab verir: “Ey Harun!
Sən də, mən də, hər ikimiz Allahın bəndəsiyik.
İkimizin də ruzisini O yetirir. Əgər O sənin ruzini
verəcəksə, yəqin ki məni də unutmaz və sənə
möhtac etməz”.
Bəhlul bunu deyib xəlifə ilə sağollaşır və sarayı
tərk edir.
[cavab]
vusal12
16 Mart 2014 / 22:58
Ellerine sagliq.
[cavab]
SADE-OQLAN
16 Mart 2014 / 23:36
Bu ne di
[cavab]
NARDARANLI
16 Mart 2014 / 23:47
SADE-OQLAN, Oxu onda basa dusersen nedi
[cavab]
NoName_AnD_mE
16 Mart 2014 / 23:52
[cavab]
Bölmeye qayıt