DEDEKTIV ROMANLAR

pol OpErA1 1 İyun 2013 / 20:00
KIM DEDEKTIV ROMAN XOWLAYIRSA BUYURUB OXUYA BILERLER

[cavab]

pol Isok 1 İyun 2013 / 20:01
men bezen oxuyuram

[cavab]

pol EMIN98 1 İyun 2013 / 20:01
men xowlayiram

[cavab]

pol OpErA1 1 İyun 2013 / 20:09
QARA GEYIMLI QATIL (bolum 1)
Proloq

İnsanın ən zəif nöqtəsi, onun rəhmsizliyidir. Çünki, insanı rəhmsizliyə vadar edən qəzəb gözləri tutduqda, onu yalnız və yalnız uçuruma doğru sürüyərək aparır. Çünki, qəzəb insanı, öz normal təbiət axarından xaric edən bir hissdir. Bu səbəbdən, xeyli insan belələrinin qurbanı olur. İlk və sonuncu qurban isə, insanın özüdür.



Qanlı hədiyyə

8 yaşlı Nicat yatağından bir qədər gec qalxdı. Paltarlarını tələsik geyinib otağından çıxdı. Bu gün, yəni İyun ayının 18-i onun doğum günü idi. Mətbəxdən taqqıltı gəlirdi. Nicat əvvəlcə, həmişəki kimi valideyinlərinin yataq otağına baxdı. Kimsə yox idi. Yataq səliqə ilə yığılmışdı. Atası Elxan işə getmişdi. Hamama girdi, avtomat su kranı ilə əl üzünü yudu və qurulandı. Mətbəxə qaçdı. Anası Tamara orada iş görürdü. Xəmir hazırlayırdı. Tort xəmiri. Nicat hər günkü kimi, ilk olaraq anasını öpdü. Tamara gülümsünüb dedi:

- Bu qədər yatmaq olar, ay tənbəl? Axı, bu gün sənin ad günündür. Təbrik edirəm. Gəl, ana səni öpsün.

Həmişə buna adət etmiş Nicat, nədənsə bu gün utancaq şəkildə əyilərək yanağını anasına tərəf tutdu. Yəqin ki, doğum günü olduğuna görə. Əksər uşaqlar öz doğum günlərində özlərini bir qədər utancaq göstərirlər.

Nicat atasının işdən qayıtmasını səbirsizliklə gözləyirdi. Axı, Elxan hər doğum günündə, oğluna çoxlu maraqlı hədiyyələr alırdı. Odur ki, Elxanın işdən axşam qayıdacağına baxmayaraq, Nicat tez-tez pəncərədən baxırdı ki, atası gəlir yoxsa yox.

Nicat televizora baxarkən, qapının zəngi çalındı. Mətbəxdən Tamaranın səsi eşidildi:

- Nicat, qapını aç. Xalandır.

Nicat sevincək qapını açmağa getdi. Xalası Yeganə və 10 yaşlı qızı Şəlalə içəri daxil oldular. Yeganə əyilərək Nicatın üzündən öpüb dedi:

- Balam artıq böyüyüb, kişi olub. Ad günü mübarək.

Sonra Yeganə geyimini dəyişib xalat geyindi və Tamaraya kömək etmək üçün mətbəxə keçdi. Axşama kimi xeyli qonaqlar gəldi. Həyət darvazasının qarşısından başlayaraq xeyli maşın sıra ilə düzülərək sanki, qatarı təsvir edirdi.

Axşam saat 20:00-i keçmişdi. Elxan isə hələ də gəlməmişdi. Nicat narahat olsa da, bir tərəfdən də ona hədiyyə almağa getdiyi üçün hələ gəlmədiyini düşünürdü. Nicatla birgə, Tamara da narahat idi. Axı, Elxan evə bu qədər gec gəlməzdi. Bəzi hallarda gec gələrdi, onda da ki, qabaqcadan xəbər verərdi. Saat 20:25 radəsində evin həyət qapısı möhkəm taqqıldadı. Sanki, daş ağırlığında nəsə atdılar. Nicat:

- Atam gəldi. – deyib qapıya qaçmaq istəyəndə, Tamaranın qardaşı Teymur onun qolundan tutub saxladı:

- Nicat, dayan. Mən açaram. – Evdəkilərə baxdı. – Belə qapı döyməzlər. Baxaram indi. – Sonra ayağa qalxıb qapıya tərəf getdi. Yeganə pəncərədən baxdı. Kimi isə tələsik iti addımlarla darvazadan çıxarkən gördü. Bu vaxt, qapını açan Teymurun səsi eşidildi:

- Elxan!... Aman Allah.. Tez bura gəlin..

Hamı həyəcanla qapıya tərəf getdi. Mənzərəni görən Tamara ürəkağrıdıcı bir nalə çəkib ağlamağa başladı. Nicat da qapıya getmək istəyəndə tutub saxladılar ki, dəhşətli mənzərəni görməsin. O isə ağlayaraq qışqırırdı:

- Ata!.. Atama nə olub? Onu görmək itəyirəm.

Bəli. Nicatın ad gününə qanlı bir hədiyyə gəlmişdi. Elxanın qanlı cəsədi həyətdə, ev qapısının yanında yerə uzanmışdı. Yeganə dili topuq vura-vura barmağı ilə darvazanı göstərərək dedi:

- Mən.. Mən, onu gördüm. Bu cəsədi bura gətirən adamı darvazadan çıxıb gedəndə gördüm.

[cavab]

pol OpErA1 1 İyun 2013 / 20:10
Bəd xəbər
Səhər sübh çağı Oktay Qafarov yatağından qalxdı. Geyinmədən əvvəl, yüngül gimnastik hərəkətlər etdi. Sonra, geyindi və eyvana çıxıb siqaretini yandırdı. Fikrə getdi. Elə bil ətrafında hər şey susmuşdu. Həyət bom-boş idi. Qaranquşlar elə bil azalmışdı. Çünki arabir görünürdü. Hər gün, avtomobil yolunda hərəkət edən avtomobillər də bu gün nədənsə tək-tək görünürdü. Çox darıxdırıcı bir səhər idi sanki. Sakit və darıxdırıcı. Qafarov belə hallara öyrəşmişdi. Amma, bu dəfə nədənsə belə bir hal ona yad kimi görünürdü. Bir nöqtəyə baxaraq düşünürdü. Beynində nəyi isə fikirləşib, götür-qoy edirdi. Nəyinsə yolunu, səbəbini axtarırdı. Qeyri-adi bir ifadə var idi simasında. Nə qəmgin, nə də nikbin. Nə qəzəbli, nə də sakit. İki barmağı arasında bir udum çəkilsə də, yarıya kimi çəkilmədən yanmış siqaret yanmağına davam edirdi. Arabir dodaqları altında nəsə mızıldanırdı. Bu onun, həmişə təklikdə düşünəndə adət etdiyi hərəkət idi. Sanki, beynindən keçən, bir nəticə çıxarmaq istədiyi fikirləri, çaşmamaq üçün, dodaqaltı söyləyirdi.
Oktay Qafarov insanlar arasında ciddi, ağır xasiyyətli, sərt adam idi. Çünki, ən azından işi bunu tələb edirdi. Lakin, təklikdə özünü tapırdı. Daha sərbəst, azad olurdu. Əsla darıxmırdı tək qaldıqda. Əksinə, insanlar arasında bir qədər darıxırdı. Bir işi olmadıqda, həmişə ya sənədli kitablar oxuyur, ya da internetdə sənədli filmlərə baxırdı. Bir sözlə, təklikdə əsl Oktay Qafarov olurdu. Bu səbəbdən təkliyi sevirdi. Lakin, işini də sevirdi. Ona görə də, işini həmişə həvəslə və layiqincə yerinə yetirirdi. Bu günə kimi aça bilmədiyi cinayət işi, düyün olmamışdı. Çox çətin, ağıla gəlməyən, ən xırda səbəbləri belə görə bilirdi.
Məsələn, bir neçə ay əvvəl Azərbaycan Tibb Universitetinin laboratoriyasında baş verən, Kimiya müəlliməsi Əfsanə Teyyubovanın ölümünə səbəb olan partlayışın səbəbkarı kimi, III kurs tələbəsi Həşimov Tarieli az qala şiddətli töhmətlə universitetdən kənarlaşdıracaqdılar. Lakin, Qafarov yanğında “günahkar”, pəncərədən asılan lupa olduğunu açıq-aydın izah edərək, sübutları göstərdi. Demə, günəşin şüası lupadan keçərək, nöqtə şəklində pərdənin üzərinə düşmüşdü və ilk olaraq pərdə yanmağa başlamışdı. Sonra, yanğın böyüyərək qaz balonuna tərəf gedərək, balonu əhatəyə almış, və qızmış balon, müəllimənin qapını açıb içəri girdiyi anda partlamışdı. Lupanı, isə öz asılqanı əvəzinə pəncərədən asan Tariel Həşimov yox, laborant Çinarə Məlikova idi.
Bu vaxt, Qafarovun mobil telefonu ucadan səsləndi. Qafarov telefon zənginə cavab verdi:
- Eşidirəm.
- Salam, Qafarov. – Mayor Əkrəm Hacıyevin səsi eşidildi. – Sizi, səhər tezdən narahat etmək istəməzdim. Amma, mümkünsə, DİN-nə gəlməyinizi xahiş edirəm. Çox vacibdir.
- Oldu, cənab mayor. – deyib xudahafisləşərək əlaqəni kəsdi. Birdən duruxub təəssüfləndi. Fikirli olduğundan Mayor Hacıyevin salamını almamışdı. Hazırlanıb evdən çıxdı. Qara rəngli “Mercedes Benz” markalı avtomobilinə əyləşib evdən uzaqlaşdı. 30 dəqiqə sonra DİN-də oldu. Binaya daxil olaraq liftlə yuxarı mərtəbəyə qalxdı. Oradan da, Hacıyevin kabinetinə daxil oldu. Hacıyev ayağa qalxıb xəfiyyə ilə görüşdü. Sonra, ona stulu göstərib dedi:
- Əyləşin, Qafarov.

[cavab]

pol OpErA1 1 İyun 2013 / 20:12
Oktay stulda oturdu. Hacıyev də kürsüsünə keçib sözə başladı:
- Təəssüf ki, sizə şad xəbər verə bilməyəcəm, Qafarov. Dünən, dostunuz Elxan Həmidzadə naməlum şəxs tərəfindən qətlə yetirilib.
Oktay başını qaldırdı:
- Bilirəm – mayor Hacıyevə baxdı. – Mən də, yeni öyrəndim.
- Dünən gecə, onun cəsədini evlərinin önünə atıb qaçıblar. Həmin vaxt, evdə olanlardan biri, pəncərədən həmin insanı darvazadan çıxarkən görüb. Bu gün, həmin şəxslə birgə, bütün yaxınları dindiriləcək
Qara geyimli qatil
Elxan Həmidzadənin evinin qarşısıda çadır qurulmuşdu və insanlarla dolu idi. Polis işçiləri ilə birgə, Hacıyev və Qafarov da onların arasında idi. Mərhumun yaxınlarından bəziləri ora-bura gedir, bir an belə dayanmadan gələn qonaqlara xidmət göstərirdilər. Oktay Qafarov, Tamara Həmidzadə ilə söhbət etmək üçün evə daxil oldu. Ağlamaqdan gözləri qızarmış Tamara onu tanıyıb yaxınlaşdı və dedi:
- Mən indi nə edəcəm, Oktay bəy? Axı, niyə belə oldu? Bu uşağı – Nicatı göstərərək – atasız necə böyüdəcəm?
Oktay onu sakitləşdirməyə çalışdı:
- Elə deməyin. Siz güclü olmalısınız. Çünki, buna məcbursunuz. İlk növbədə, Nicata görə məcbursunuz. İkinci isə, gücünüz bu qatili tapmaq üçün bizə lazım ola bilər.
Onlar divanda əyləşdilər.
- Qatil tapılmayıb? – Tamara bir qədər əsəbi şəkildə soruşdu. – Nə vaxt tapacaqsız bəs onu?
- Tapılacaq. – Qafarov onu arxayın etdi. – Narahat olmayın. Amma, siz də qatili tapmaqda mənə kömək etməyə çalışın. Elxanın ölümü ilə bağlı nə deyə bilərsiz?
- Bilmirəm. İndi, fikirlərim tamam qarışıqdı. – Tamara başını buladı. – Onun, kim tərəfindənsə öldürülməsini hələ də anlaya bilmirəm. Axı, onun qaranlıq nə işi ola bilərdi ki? Sadəcə, onu deyə bilərəm ki, qapıya daş atdılar. Qardaşım qapını açdı və...
Tamara bir qədər susduqdan sonra davam etdi:
- Hadisə vaxtı,Yeganə pəncərədən qatilin darvazadan çıxıb getdiyini görüb. Bir də ki, bizim evin qapısının yanında yumruq böyüklüyündə daş vardı – deyərək yumruğunu sıxdı. – Ətrafda ondan başqa daş yox idi deyə, qapıya dəyən həmin daş olduğunu anladıq. Həmin daşı əl izi qoymadan saxlamışıq.
- Yeganə ilə danışmaq istəyirəm. – Oktay ayağa qalxdı. – O, indi hardadır?
- Gedək. – deyib, Tamara da ayağa qalxdı. Birlikdə yuxarı mərtəbəyə çıxdılar. Otaqların birinə daxil oldular. 35 yaşlı qızılı saçlı Yeganə otaqda idi. 35 yaşı olsa da, görünüşü əsla bunu demirdi. Çox gənc görünürdü. Xaricən bir qədər dolu bədəni onu daha da şirin göstərirdi. Qızılı saçları dalğavarı şəkildə kürəyinə, çiyinlərinə dağılmışdı.
- Salam – Oktay salam verdi. Tamara Oktayı göstərib dedi:
- Oktay Qafarov. Elxanın dostu, həm də xəfiyyədir. Qatili taparaq, dövlətə təslim edəcək. İndi, səninlə danışmaq istəyir.
- Buyurun. – Yeganə dilləndi. Oktay kresloda əyləşərək sözə başladı:
- Eşitdiyimə görə, pəncərədən kimisə görmüsünüz. Necə biri idi? Üz görünüşünü də təsvir edin, mümkünsə?
- Üzünü görə bilmədim. – Yeganə başını buladı. – Darvazadan çıxarkən gördüm onu. Ucaboy, sağlambədənli birinə bənzəyirdi. Qaranlıq idi deyə tam görə bilmədim. Amma, geyimini seçə bildim. Qara rəngli kostyum geyinmişdi, başında qara şlyapa var idi. Darvazanın qapısını açaraq çölə çıxdı.
Oktay əminliklə başını aşağı-yuxarı yellədi. Ayağa qalxaraq dedi
- Aydındır.
- Elə bu? – Tamara təəccübləndi. – Nə aydındır? Başqa heç nə soruşmayacaqsınız? Öyrənmək istəməyəcəksiniz?
- Hələ ki, sizinlə söhbəti qurtardım. Sonra, lazım olsa yenə gələcəm. – deyib, Qafarov qapıdan çıxmaq istəyəndə Yeganə yenə soruşdu:
- Bəs, daş? O lazım olmayacaq?
- Daş barədə hələlik heç kəsə heçnə deməyin. – Qafarov cavab verdi – Kimsə, ola bilsin, ağzından qaçıra bilər. Amma, siz çalışın daşı kimsəyə göstərməyin.
Bunu deyib qapıdan çıxdı. Bir şey anlamayan Tamara başını bulayaraq onu ötürmək üçün arxasınca otaqdan çıxdı.


Ardı var...

[cavab]

pol OpErA1 1 İyun 2013 / 20:14
QARA GEYIMLI QATIL (bolum 2)
Elxan Həmidzadə
Elxan 3 yaşından valideyinlərini itirib, kimsəsizlər evində böyümüşdü. 14 yaşına qədər kimsəsizlər evində yaşadı, əzab, zillət içində. Nəhayət, bir gecə çəkdiyi əziyyətlərə dözməyib, kimsəsizlər evindən qaçdı. Xeyli qaçdıqdan sonra, tövşəyə-tövşəyə böyük bir həyətə girib ağacların arasında gizləndi. Hava qaraldığından gecəni orda keçirməyə qərar verdi. Həmin həyətin sahibi, uşağı yatmış halda tapıb öz evinə gətirdi. Zəngin evində tənha yaşayan 45 yaşlı Nicat Həmidzadə, Elxanın əhvalatını öyrəndikdən sonra, onu qanuni şəkildə oğulluğa götürüb saxlamağa başladı və ona öz söyadını verdi. Elxanın çalışqan, bacarıqlı olduğunu görən Nicat onu oxutmağı qərara aldı.
Elxan Nicatın imkanı sayəsində orta məktəbə, sonra da, əlavə hazırlıq kurslarına yazıldı. İllər keçdi, Elxan orta məktəbi bitirib ali məktəbə daxil oldu. Təhsilini bitirdikdən sonra isə, hərbiyə yola düşdü. Hərbidən, dövlət hesabına onu Polis Akademiyasına oxumağa göndərdilər. Orada, Oktay adında bir gənclə tanış oldu. Söhbətləri, dünya görüşləri üst-üstə düşən bu gənclərin çox yaxın bir müddətdən sonra, aralarında dostluq yarandı. 3 ildən sonra, Elxan akademiyanı bitirib Bakının rayonlarının birində, Polis bölməsinə polis işçisi kimi qəbul olundu. 3 il adi polis işçisi, 3 il isə kapitan vəzifəsində işləyəndən sonra, onu rəis müavini təyin etdilər.
Elxanın, öz ayağı üstündə dura bildiyini görən Nicat kişi, öz qardaşı Nihadın evinə, qardaşı qızı Tamaranı Elxan üçün istəməyə getdi. Elxanın o qızda gözü olduğunu çoxdan anlamışdı. Nihadın oğlu Teymur, bu evliliyə heç də razı deyildi. Lakin, buna baxmayaraq, bir neçə aydan sonra, Elxan ilə Tamaranın toyları oldu. Aylar keçdi, Onların bir oğlan körpələri dünyaya gəldi. Elxan, onu qaranlıq həyatdan, işıqlı həyata çıxaran, 14 yaşından bəri ona atalıq edən bir insanın adını yaşatmaq üçün, oğlunun adını Nicat qoydu. İllər keçdi. Nicat Həmidzadə, dünyaya əbədi göz yumdu. Ölərkən, bütün sərvətini, satış mağazalarını Elxan Həmidzadəyə miras qoydu.
Elxan Həmidzadə yarı mülayim, yarı sərt xasiyyətli, yaxınları arasında hörməti olan, sözükeçən bir insan, ən əsas da yaxşı ailə başçısı idi. Bakı rayonlarının birində Polis Bölməsinin rəis müavini vəzifəsində işlədiyindən bəri, çətin, ölüm təhlükəsi belə olan hallarla qarşılaşmağa başlamışdı. İşində həmişə dəqiq olan biri idi. İşini vicdanla görməyə, heç bir səhvə yol verməməyə çalışırdı və bacarırdı da. Bölmə rəisi Təbriz Ağayev onun işindən razı qaldığını tez-tez bəyan edirdi.

İşləməyi sevirdi. Boş qaldığı vaxtlarda hansısa bir dəyərli işlə məşğul olmağı adət etmişdi. Hər gün, saatlarla işləməyinə baxmayaraq, ailəsinə də ayırmağa vaxt tapırdı. Ailəsinə sadiq bir insan idi. Bəzən, işi ilə əlaqədar evə gec gələsi olduqda, həyat yoldaşı Tamaraya qabaqcadan xəbər verərdi. Buna baxmayaraq, Tamara həmişə onun üçün narahat olurdu. Çünki, bilirdi ki, Həmidzadə hər an təhlükələrlə üz-üzə gələ bilərdi. Axı o, polis müavini idi.
Elxan oğlu Nicatın tərbiyəsi ilə ciddi məşğul olurdu. Lazım olanda onu əzizləyir, lazım olanda danlayırdı. Tez-tez onu gəzməli yerlərə aparırdı. Ona yaşına uyğun oyuncaqlar alırdı. Bu əsla ərköyünlük deyildi. Yox. Sadəcə, özü görmədiyi uşaqlıq sevincini oğluna bəxş etmək istəyirdi. Bəli. Özü görmədiyi uşaqlıq sevincini...
Yarımçıq qalan əməliyyat.

[cavab]

pol OpErA1 1 İyun 2013 / 20:16
Geniş avtomobil yolu, hələ ki heç bir tərəfə dönmədən uzanaraq gedirdi. Yollarda müxtəlif növ şütüyən avtomobillər var idi. Bəziləri çox yüksək, bəziləri çox yavaş, bəziləri orta sürətlə gedirdi. Hal-hazırda, həmin yolda gedən qara rəngli “Mersedes Benz” markalı avtomobil 3-cüyə aid idi. Çünki, Qafarov maşını sürətlə sürməyi sevmirdi. Baxmayaraq ki, bəzən buna məcbur qalırdı. Çünki, bəzi əməliyyatlarda sürətə ehtiyacı olurdu. Adi hallarda isə, avtomobili əsasən 40-50 km/saat sürətlə sürürdü.
Qafarovun mobil telefonun zəngi eşidildi. Telefonu açıb cavab verdi:
- Eşidirəm, Əkrəm bəy.
- Qafarov,- Mayor dilləndi. - ekspert nəticələri üçün zəng vurmuşam. Nəticələr hazırdı. Necə, çatdıraq sənə? Gəlib özün öyrənəcəksən, yoxsa, bir nüsxəsini ünvanına göndərək?
- Mümkünsə, nəticələrdən bir qədər qısa müəlumat verərdiniz. Sonra, nüsxəni ünvanıma göndərsəniz minnətdar olaram.
- Oldu. – Hacıyev razılaşdı. – Elə isə, qulaq as. Elxan Həmidzadə, hadisə günü saat 19:20 radələrində Makarov tipli tapança ilə öldürülüb. Kəllə sümüyündən tapılan güllədən və başından aldığı dəlikdən alınan nəticəyə görə, onu bu silahla arxadan vurublar. Qətli törədərkən səsboğucu qurğudan istifadə ediblər. Başqa, heç bir yerində zədə olmadığından aydın olur ki, qətldən əvvəl heç bir dava olmayıb. Nəfəs boruları qaydasında idi. Ürək nahiyəsinin analizindən əldə edilən məlumata görə ölümdən əvvəl nəbzi nə iti, nə yavaş, qaydasında atırmış. Deməli, qatil onu izləyərək xəbərsiz atəş açıb.
- Aydındır. Çox sağ olun. – Oktay sonra əlavə etdi. – Mümkünsə, nüsxəni ünvanıma çatdırmağı unutmayın.
- Arxayın ol, Qafarov. – Mayor sözünü bitirdikdən sonra, xudahafizləşib əlaqəni kəsdi.
Oktay sükan arxasında fikrinin yarsını yola, yarısını isə 3 gün əvvəl baş verən qətl hadisəsinə tərəf yönəltmişdi. O adam, cəsədi ünvana çatdıran şəxs kim idi? Onu öldürən, və yaxud öldürtdürən adam kim idi? Bu ünvanı tanıyan bir şəxs. Deməli, Həmidzadəni az ya da çox yaxından tanıyan biri idi. Görəsən, qətl qəsdənmi Nicatın doğum gününə planlaşdırılmışdı? Yoxsa, sadəcə təsadüf idimi?
Fikirlərini cəmləməyə çalışan Qafarov avtomobili polis bölməsinin qarşısında dayandırdı. Avtombildən çıxıb bölmənin binasına girdi. Dəhliz boyunca bölmə rəisi Təbriz Ağayevin kabinetinə tərəf addımlayarkən ətrafa göz gəzdirdi. Dəhlizin boyanmış divarlarında bir iki çatlaq görünsə də, təmizliyinə söz ola bilməzdi. Kabinetə çatdıqda nəzarət kamerasına gözucu nəzər yetirdikdən sonra qapını döyüb içəri daxil oldu. Qapının səsinə yuxudan ayılan bölmə rəisi, Qafarovu görən kimi dərhal ayağa qalxıb onunla görüşdü. Üzrxahlıq edəndən sonra kürsüsü ilə üzbəüz olan stulu göstərərək oturmağı təklif etdi. Kürsüsündə əyləşib soruşdu:
- Mən çay içəcəyəm. Sizə nə sifariş edim?
- Tünd qəhvə. - Qafarov qısa cavab verdi. Ağayev masasının altındakı səsötürücünün düyməsini basıb dedi:
- Leyla, bir fincan çay və tünd qəhvə. – Sonra, xəfiyyəyə baxıb zarafatla soruşdu. – Deyəsən yuxulusuz, Qafarov? Tünd qəhvə içirsiniz.
- Qəhvə sizin üçündür, Ağayev. – Oktay sərt şəkildə cavab verdi. – Yorucu suallarımdan, təkrar yuxulamayasız deyə.
Ağayev pərt oldu. Dodaq altı gülümsəyib, dərhal mövzunu dəyişdi:
- Bura gəlişinizi nəyə borcluyam?
- Həmidzadə haqqında bəzi məlumatları sizdən öyrənmək istəyirəm. – deyərək, Oktay adəti üzrə əllərini saçlarına çəkdi.
- Təxmin etmişdim. – Ağayev bildirdi. – Buyurun. Nə kömək edə bilərəm?
- Son əməliyyatınız haqqında bilmək istəyirəm. Həmidzadə ən son hansı əməlliyyatda iştirak edirdi?
- “Micro” bilgisayar servisindəki cinayət işininin araşdırmağı ona tapşırmışdım.
- Nə cinayət? – Qafarov maraqla soruşdu.
- Bir həftə bundan əvvəl, haradasa gecə saat 01:00-da, həmin mağazaya basqın ediblər. Mühafizəçini yaralayıb sonra da kassadakı pulların hamısını aparıblar.
- Belə deyin.. – Oktay alnını qaşıdı. – Bəs, bu barədə, əlinizdə nəsə məlumat var?
- Yaralı mühafizəçi Toğrul Kazımlını dindirdik. – deyə, bölmə rəisi vəziyyəti aydınlaşdırmağa çalışdı. – Dediyinə görə, qara geyimdə, 6 nəfər olublar. Biri səsboğucu silahla onun ayağından vurub, digərilərindən də ikisi onun qollarından yapışaraq ağzına dəsmal tıxayıblar ki, səsi çıxmasın. Hadisədən sonra, içəridə baş verənləri, müşahidə kameralarının qeydlərindən izlədik. Maskalı olduğundan, bir də ki, içəridə işıq olmadığından, əvvəl-əvvəl üzlərini görə bilmədik. İşi mərhum Həmidzadəyə tapşırdım.

[cavab]

pol OpErA1 1 İyun 2013 / 20:18
- Başqa, nə əldə edə bildiniz? Basqını törədənlər barədə?

- Həmidzadənin sayəsində, 6 nəfərdən ikisini tapıb ələ keçirdik. Onlardan söz alıb o biriləri də ələ keçirəcəyik. Əvvəl dedilər ki, guya ancaq 6 nəfərdirlər və aclıq üzündən bu yola düşməyə vadar olublar. Lakin, mühafizəçi Kazımlının dediyinə görə, onlardan birinin mobil telefonunu səsləndi. Həmin adam zəngə cavab verib danışanda “Boss” sözünü işlədib. Həmidzadə izə çox yaxşı düşmüşdü. Lakin, onun vaxtsız ölümü əməliyyatını yaımçıq qoydu. İşi davam etməyə başlamışıq. Düşünürəm ki, Həmidzadənin ölümündə də, “Boss”un əli var. Əməliyyatı...

- Əməliyyatı mən aparacam. – deyərək, Oktay, şöbə rəisinin sözünü kəsdi.

- Siz? – Ağayev təəccüblə Qafarovun üzünə baxdı. – Bağışlayın, Qafarov. Sizə çox böyük hörmətim var. Amma, mənə əmr gəlməmiş, işi nə sizə, nə də bu bölmədən kənar başqa bir işçiyə tapşıra bilmərəm. İcazəm yoxdur ki... – Ağayevin sözü yenə yarımçıq qaldı. Bu dəfə, masanın üzərindəki, yalnız dövlət müəssələrinə məxsus çoxdüyməli şəhərlərarası telefon aparatının çalınan zəngi buna səbəb oldu. Ağayev dəstəyi qaldırıb cavab verdi.

- Alo. – Bir qədər susdu. Çünki, xəttin o biri ucundan danışan adamı dinləyirdi. – Aydındır. Oldu. Baş üstünə. – Bunu deyib, dəstəyi yerə qoydu və Oktaya baxıb dedi:

- Əməliyyat sizindir, Qafarov.

Ey, sən kimsən?

Otaqlar, sanki, genişlənmişdi, böyümüşdü. Ürəksıxıcı bir genişlik idi bu. Boşluq var idi. Böyük bir boşluq, çatışmamazlıq. Tamara bu boşluğun içində narahatlıqla dolaşırdı. Sanki, özünü tək, zəif, dayaqsız hesab edirdi. Hər dəfə Nicata baxdıqda, özü kimi, onun da dayaqsız olduğunu düşünürdü. Odur ki, oğlunu bir müddətlik bacısı Yeganəyə tapşırmışdı. Daha doğrusu, bunda əsas məqsədi bu idi ki, Nicat onun ağlamasını, üzüntüsünü görməsin. Qorxurdu, psixi təsir alar oğlu. Nə görüb ki hələ. 8 yaşı təzə tamam olmuşdu. Doğurdan ha. 8 yaşı tamam olmuşdu. Həmin gündə Elxanı öldürdülər. Bu o deməkdir ki, bir daha oğluna təntənəli doğum günü qonaqlığı verə bilməyəcək. Bir daha, doğum günündə atası ona hədiyyələr ala bilməyəcək.

- Eh.. Niyə bizi tək qoyub getdin?

Bu sual, Tamaraya bir qədər qəribə göründü. Tək qoyub getdi. Bu, indi nə qədər dəhşətli bir söz idi onun üçün. Bu günə kimi Allahdan başqa heç kimdən, heç nədən qorxmurdu. Amma, indi. Qorxduğunu hiss etməyə başladı. Daxilində həzin bir gizilti duydu. Daha, onu sevən, qoruyan Elxan yox idi. Hə.. Yox idi. Elxanın yoxluğunu indi anlamağa başlamışdı Tamara. Yoxluğun nə demək olduğunu da.

Elxanı 22 ildən çox idi tanıyırdı. İlk dəfə, mərhum əmisi Nicatgildə görmüşdü. O gün, Tamaranın 12 yaşı var idi. Özündən iki yaş böyük olan Elxan, ilk gündən Tamarada xoş təəssürat oyatmışdı. Çünki, Elxan şən, maraqlı, mehriban, həm də ciddi, dediyini edən biri idi. Elxanda ən çox xoşuna gələn xüsusiyyət, Elxanın onun nazı ilə oynaması idi. Uşaqlıq vaxtında Elxana qarşı nə qədər dəcəllik etsə də, Elxan onun belə hərəkətinə sakit, təmkinli reaksiya verirdi. Bir neçə ildən sonra, Tamara əlavə xüsusi hazırlıqlara getməyə başladı. Nihat, qardaşı Nicatdan xahiş etdi ki, Elxan Tamaranın dərsləri ilə məşğul olsun, ona kömək eləsin. Çünki, oğlu Teymur təmbəl, avaranın biri idi. Qızı Yeganə isə, hələ azyaşlı idi. Odur ki, Nihat Elxanı məsləhət gördü. Bu, Tamaranın da ürəyincə idi. Teymur isə, buna etiraz etmişdi. Onun, doğma olmayan əmisi oğlundan heç xoşu gəlmirdi. Amma, nə Nihad, nə də Tamara onun bu hərəkətinə elə də fikir vermirdilər.

[cavab]

pol OpErA1 1 İyun 2013 / 20:18
Elxanla Tamara birlikdə hazırlığa gedib, dərslərini də birlikdə oxumağa başladılar. Bəzən, Tamara çətinlik çəkdiyi məsələdə Elxandan kömək istəyirdi. Elxan ona üsulu izah edərkən, Tamaranın fikri, Elxanın izahından çox, onun səsində, qələmlə ağ vərəqda hesab aparan qüvvətli əllərində və arabir boynuna toxunan isti nəfəsində idi. Hər belə anda, içində xoş bir gizilti yaranırdı. Özünü daha etibarlı hiss edirdi belə halda. Deyəsən, Elxana vurulmuşdu.

Tamara bunları xatırladıqca gözlərindən axan yaş yanaqlarında süzülüb aşağı damcılanırdı.

- Allah, baisin evini yıxsın.

Tamara heç vaxt Elxana onu sevdiyini deməmişdi. Ona vurulduğunu hiss etdikdən sonra da, ailə qurduqdan sonra da, övladları olduqdan sonra da. Qadın bunu indi dərk etməyə başlamışdı. Amma, Elxandan hər dəfə “Səni çox sevirəm.” sözünü eşitdikdə, içində sevincdən uçurdu sanki. Bu vaxt düşündü ki, Elxanın məzarına getmək, ürəyini boşaltmaq istəyir. Saat 22:30 göstərirdi. Əvvəlcə düşündü ki, bu gün gecdir. Sabah getsin. Lakin, tez fikrini dəyişdi. Tək çıxmaq istəmirdi. Şəhər telefon aparatının dəstəyini qaldırıb bacısı Yeganənin yaşadığı evin nömrəsini yığdı. Xəttin o biri ucundan sərt, kobud kişi səsi eşidildi:

- Alo..

- Alo. Salam, Seyfulla qardaş. – Tamara, Yeganənin həyat yoldaşı Seyfullanı salamladı.

- Əleyküm Salam, Tamara bacı. – Seyfulla salamı alıb soruşdu. – Nə xəbər var?

- Hələ ki, heç bir xəbər yoxdur. Amma, inanıram ki, rəhmətliyin yaxın dostu işləri qaydasına salacaq. Günahkar cəzasını alar, İnşallah. Yeganə evdədir?

- Evdədir. Bu saat çağırıram. – deyən Seyfullanın az sonra səsi bir qədər uzaqdan eşidildi. – Yeganə, telefona gəl.

Az sonra, aparatın dəstəyindən Yeganənin incə səsi eşidildi. Tamara Yeganədən xahiş etdi ki, onlara gəlsin, məzarlığa bir yerdə getsinlər.

Evləri yaxın olduqları üçün, Yeganə 15 dəqiqədən sonra Tamaragildə oldu.

- Bəs, niyə Teymura demədin? – Yeganə soruşdu - Gecənin bu vaxtı yanında kişi olsa daha yaxşı olardı.

- İstəmədim kiməsə deyim. Səni də çağırmayacaqdım. Amma, nəsə tək getmək istəmədim. Sənlə getməyi məsləhət bildim.

- Seyfullaya dedim ki, gəlsin. Lakin, üzünü turşutdu. Dedi ki, ayaqları ağrayır.

Tamara, qara örpəyini başına bürüyüb Yeganə ilə birlikdə evdən çıxdı. Həyətdən yeni çıxmışdılar ki, qonşu həyətdən çıxan yaşlı Nərgiz arvad onları görüb salamladıqdan sonra soruşdu:

- Gecənin bu vaxtı haraya belə?

- Elxanın məzarını ziyarət edəcəm, Nərgiz xala.

Hər ikisi uzaqlaşdılar. Onların arxalarınca baxan Nərgiz bir qədər sonra başını təəccüblə bulayıb əlindəki zibil torbasınıyaxınlıqdakı zibil yeşiyinə tulladıqdan sonra geri qayıdıb öz həyətinə daxil oldu.

20 dəqiqədən sonra Tamara ilə Yeganə artıq məzarlıqda idilər. Yeganə bir qədər kənarda durub mərhum Elxan Həmidzadənin məzarı başında göz yaşı axıdan bacısına tamaşa edirdi. Tamara Salavat çəkib, dodaqucu Fatihə surəsini oxudu. Sonra, məzara baxıb danışmağa başladı:

- Sənə olan hisslərim o qədər güclü, o qədər təmiz idi ki, dilə gətirməyə belə qıymırdım. Bəlkə də, daima məndən bu etirafı gözləmisən. – Tamaranın gözlərindən yenidən yaşlar süzülməyə başladı. Səsi titrəyirdi. – Özümü çox günahkar hiss edirəm qarşında. Bilirəm, indi məni nə duyur, nə də eşidirsən. Amma, çox istərdim eşidəsən. Mən səni çox sevmişəm. Həmişə də səni sevəcəm. Rahat yat. Məndən nigaran qalma.

Bu vaxt, məzarlıqdan kənarda bir-birinin ardınca iki atəş səsi eşidildi. Sonra, qışqırıq və “Qaç” sözünü eşitdilər. Hər ikisi diksinib səs gələn tərəfə, məzarlığın darvazasına tərəf baxdı. Darvaza elə də uzaqda deyildi. Tamara öndə, Yeganə isə arxada, darvazaya tərəf addımlamağa başladılar. Yeganə həyəcandan sanki yarılacaqdı az qala. Darvazadan çıxarkən dəhşətə gəldilər. Yerin işıq düşən hissəsində qan izləri aydın şəkildə görünürdü. Birdən məzarlığın yaxınlığındakı kolluqdan xışıltı eşitdilər.

[cavab]

[1] 2 3 ... 7 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1329 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az