DEDEKTIV ROMANLAR
OpErA1
1 İyun 2013 / 20:18
- Ey, kim var orda? – Tamara səsləndi. Xışıltı dərhal kəsildi. Lakin Tamara hiss etmişdi ki, orada kimsə var və bu az əvvəl silahdan atəş açan həmin adamdır.
- Gəl qaçaq burdan. – Titrəyən Yeganə bacısının qolundan yapışdı. Lakin, Tamara qorxmadı. Ona elə gəldi ki, bu adam onlar üçün təhlükəli biri deyil. Odur ki, yenə çağırdı:
- Ey, eşitmirsən? Səninləyəm. Kimsən?
Bu vaxt, həmin yerdə xışıltı yenə eşidildi. Kolların arasında gizlənən adam çölə çıxdı. Üzündə qara rəngli parçadan maska var idi. Başında qara şlyapa, əynində qara pencək və şalvar, əllərində isə qara əlcək var idi. Bu qara geyimli adam sağ əlində silah tutmuşdu. Bunu görən Yeganə kəkələyərək qışqırdı:
- Bu.. Bu odur. Qaçaq.
Hər ikisi qaçmağa başladılar. Arxadan bir neçə atəş açıldı. Lakin, qadınlar döngəni sağ-salamat dönüb keçə bildilər. Hər ikisi dayanmadan, arxalarına belə baxmadan qaçırdı. Birtəhər özlərini evə çatdırdılar. Tamara əvvəlcə darvazanı, evə girdikdən sonra isə qapını, pəncərələri kilidlədi. Dərhal mobil telefonunu açıb bir nömrə yığıb qulağında tutdu. Həyəcanla danışmağa başladı:
- Oktay bəy. O qara geyimli adam ətrafımda dolaşır. Az əvvəl məni öldürmək istəyirdi.
ARDI VAR
[cavab]
SweeT_(=Love=)
1 İyun 2013 / 20:53
iwiniz gucunuz yoxdu ????
[cavab]
OpErA1
1 İyun 2013 / 21:48
SweeT_(=Love=), beyenmirsense oxuma((
[cavab]
_Efsane_
1 İyun 2013 / 22:40
Dedektiv romanlari sevirem. Teşekkür edirem ...davamini gözleyecem
[cavab]
Yumurta
2 İyun 2013 / 00:15
Ela.
[cavab]
EMIN98
2 İyun 2013 / 01:06
eladi
[cavab]
OpErA1
2 İyun 2013 / 01:08
Körpü altında söhbət
Gecə saat 2-ni keçmişdi. Geniş axarın zəif şırıltısı nəzərə alınmasa, ətraf sükut içində idi. Ayın şüası qaranlıqları qovub, gecəni öz işığına qərq etmişdi. Xəfif sərin külək gecənin gözəlliyini daha da artırırdı. Axarın olduğu uzun, sonu görünməyən geniş çuxurun üzərində, bir tərəfindən digər tərəfinə keçmək üçün böyük taxta körpü var idi. Körpünün altında 2 nəfər səssiz dayanmışdı. Onlardan biri bir qədər dolu bədənli, bəstəboy yaşlı adam idi. Yaşı 50-yə yaxın, bəlkə də 50-dən çox olardı. Digəri isə, əzamətli bədəni olan hündürboy biri idi. Əynində qara rəngli pencək və şalvar, başında qara rəngli şlayapa vardı. Üzünü qara rəngli parçadan hazırlanmış maska ilə gizlədirdi.
- Artıq ikinci dəfədir ki, səhvə yol verirsən, Çalağan. – Yaşlı adam əsəbi halda sükutu pozdu. – Birinci, murdar polisin cəsədini evinə apararkən gözə görünmüsən. İkinci də ki, adi hədəfi təmizləməyi bacarmadın. Bu bilirsən nə deməkdir?
Qara geyimli adam başını aşağı-yuxarı tərpəddi.
- Axı, belə səhvlər etməzdin. Boss səndən yaman narazılıq edir. – Sonra, yaşlı adam gülümsündü. – Yeni imicin əcəb yaraşır. Elxanı təmizləyərkən də bu geyimdə olduğunu eşitdim?
Qara geyimli adam yenə də başını təstiq əlaməti olaraq yellədi.
- Yaxşı yadıma düşdü. Düzünü de. – Yaşlı adam siması yenə ciddi vəziyyət aldı. – O gün, Yeganə sənin üzünü gördü? Özü səni görmədiyini desə də, ola bilsin ki bu yalan olsun. Başa düş. Bunu bilmək vacibdir. Gördü yoxsa görmədi?
Qara geyimli adam eyni tərzdə etirazını bildirdi. Əli ilə üzündəki maskaya işarə etdi. Yaşlı adam dərin nəfəs alıb dedi:
- Hər dəfə bundan əmin olduqca rahatlayıram. Çünki, sənin üzünü görsələr və Boss bunu bilsə səni sağ qoymaz. – Sonra bir qədər düşünüb davam etdi. – Bilirsən?.. Çalış bir müddət gözə görünməyəsən. Daha doğrusu bu geyimdə görünmə. Aydındır? Məndən əmr gözləyəcəksən.
Qara geyimli əvvəlcə bir qədər sakit dayandı. Sonra, əl hərəkətləri ilə narazılığını bildirdi. Yaşlı adam əlini onun çiyninə qoyub dedi:
- Başa düş, Çalağan. İndi polislər səni axtarmağa başlayacaqlar. Üstəlik, o ailə də güclü nəzarət altında saxlanılacaq. Biraz səbirli olmaq lazımdır. Yəqin ki, sən də çox yorulmusan. Biraz dincəlməlisən. Aydın oldu?
Qara geyimli adam başını tərpədməklə razılığını bildirdi. Sonra əlini yaşlı adama tərəf açıb barmaqlarını bir birinə sürtdü. Yaşlı adam gülümsünərək:
- Olacaq, Çalağan. O da olacaq. İndi yox. Amma, sabah saat 4 tamamda, haqqını öz əllərimlə evinə çatdıracam. – deyə, qara geyimlini arxayın etdi və bir qədər düşündükdən sonra davam etdi. – İndi isə, sənə bəzi halları izah etməliyəm. Sən, bu tapşırığının nə qədər ciddi və tədbirli olduğunu bilirsən. Odur ki, işini diqqətli görməlisən. Birinci, çalış üzünü heç kimə göstərmə. Daha doğrusu, qurbanı tək yaxalasan daha yaxşı olar. İkinci, yalnız sənə göstərilən hədəfi təmizlə, başqa heç kimə zərər yetirmə. Bütün bunları yadda saxla. Unutma. Tamara Həmidzadə, qatilin sən olduğunu bilsə, hamımızın, sənin də, mənim də, Bossun da sonu ola bilər.
Qara geyimli adam razılaşdı.
- Bax belə. Artıq gedə bilərsən. – deyə, yaşlı adam bildirdi. – Amma, ehtiyyatlı ol ki, bu halda diqqəti cəlb etməyəsən. Mən də, 4-ün yarısına kimi evdə olacam. Burdan uzaqlaşan kimi maskanı çıxrarsan yaxşı olar. Sənə yaxşı yol.
Qara geyimli əli ilə Xudahafizləşib üzünü çevirdi və asta addımlarla körpüdən uzaqlaşdı. Yaşlı adam da, Çalağanı gözdən itənə kimi baxışları ilə izləyənən sonra, iti addımlarla körpüdən aralanıb getdi.
[cavab]
OpErA1
2 İyun 2013 / 01:08
Bu nə deməkdir, xəfiyyə?
Günorta, saat 13:35 göstərirdi. Oktay Qafarov və Əkrəm Hacıyev mərhum Həmidzadənin evində idilər. Yeganə adyala bürünərək kresloda oturmuşdu. Gecəki hadisənin həyəcanından hələ də ayılmamış kimi görünürdü. Tamara isə özünü ələ ala bilmişdi. Lakin, bütün gecəni yatmadıqlarına görə, hər ikisinin gözləri yuxusuzluqdan qızarıb şişmişdi. Qadınları tək qoymamaq üçün, Yeganənin həyat yoldaşı Seyfulla da, gecəni Tamaragildə yatmadan keçirmişdi. Teymur və onun həyat yoldaşı Əfruzə isə Tamaraya baş çəkmək üçün bu səhər gəlmişdilər. Onlar, hadisədən səhər xəbərdar olduqlarını demişdilər. Nicatla Şəlaləni isə, ikinci mərtəbəyə Nicatın otağına göndərmişdilər.
- Deməli, deyirsiniz ki, gecə sizi öldürməyə çalışan adam, Həmidzadə öldürülən gecə gördüyünüz həmin adamdır? – deyə, Hacıyev divanda yerini rahatlayaraq üzünü Yeganəyə tutdu. Yeganə başını tərpədərək:
- Bəli. – dedi. – Görünüşündən o an tanıdım. Bu o idi.
- Axı, məzarlığa gecə yarı getmək nəyə lazım idi. – Oktay məzəmmətlə Tamaraya baxdı. – Ziyarəti bu günə də saxlaya bilərdiniz. – Sonra, üzünü Seyfullaya tutaraq dedi. – Bəs siz? Onların gecə evdən tək çıxmalarına necə razı oldunuz? Üstəlik, belə bir məqamda onların məzarlığa gedəcəyini bilə-bilə.
- Mən hardan biləydim ki, belə olacaq? – Seyfulla üzünü turşutdu. – Yeganənin gecə tək evdən getməsi ilk dəfə deyildi ki.
- Dedim axı, bizimlə gəl. – Yeganə səsini qaldırdı. – Bir saat gec yatsaydın ölməzdin ki.
Seyfulla bir söz demədən sərt şəkildə stuldan qalxıb pəncərəyə yanaşdı. Cibindən bir siqaret çıxardı. Siqaretin arxasını bir neçə dəfə ovcuna döyəclədikdən sonra damağına qoydu və çaxmaqla yandırdı. Teymur da ayağa qalxıb Seyfullaya yaxınlaşdı. Cibindən siqaret qutusunu çıxardı. Oktay da divandan ayağa qalxıb onlara yaxınlaşdı.
- Çəkirsiniz? – deyə, Teymur qutudan yenicə çıxardığı siqareti Oktaya uzatdı. Oktay ilk öncə almaq istəməsə də, sonradan nə düşündüsə fikrini dəyişib:
- Çəkirəm. – deyərək siqareti aldı. Sonra üzünü Seyfullaya tutub dedi:
- Özündən çıxmaq lazım deyil. Yaxşısı budur bizə kömək edin.
- Nə kömək? – Seyfulla kürəyini pəncərənin açıq qapısına söykədi, başını yuxarı qaldıraraq siqaretdən aldığı udumun tüstüsünü göyə üfürdükdən sonra Qafarova baxmadan soruşdu. – Məsələn, nəyi öyrənmək istəyirsiniz?
- Necə yəni, nəyi? – Qafarov istehza ilə dedi. – Əlbəttə ki, qatilin kim olduğunu öyrənmək istəyirik.
- Bilirsiniz nə var? – Seyfulla yenə üzünü turşutdu. – Elxanın ölümünü istəməmişəm. Amma, məni bu işə qatmayın. Heç nə bilmirəm.
Seyfulla bunu deyərək onlardan uzaqlaşıb bayaq qalxdığı stulda oturdu.
- Onu qınamayın Oktay bəy. – deyə Teymur dilləndi. – Onun yerinə olsaydım, mən də belə edərdim. – dedi və o da gedib Yeganənin başı üstündə dayandı. Oktay da divana tərəf qayıtmaq istədi. Amma, nə düşündüsə, cəld qolundakı saatına baxdı və cəld dilləndi:
- Mən təcili getməliyəm.
- Hara belə? – Mayor maraqla soruşdu.
- Vacib bir iş var. Onu həll etməliyəm.
- Bundan da vacib iş? – Tamara hövsələsiz halda dilləndi. Mayor Hacıyev ayağa qalxıb Oktayı işarə ilə çağırıb həyət qapısından çölə çıxdı. Oktay da onun ardınca çıxıb qapını bağladı. Mayor üzünü xəfiyyəyə tutub əsəbi şəkildə soruşdu:
- Hara gedirsən, Qafarov? İşlər bu vəziyyətdə ola-ola hara gedirsən? Hər şeyi tez yoluna qoyacağını deyib işi öz öhdənə götürdün. Biz də, sənə güvənib “Yaxşı” dedik. Nə dedinsə, etiraz etmədik. Amma, qara geyimli o murdar hələ də öz cinayətini davam etdirmək fikrindədir. Sən isə, öz vacib işlərinlə məşğulsan.
Mayor, son cümləsini bir qədər kinayəli şəkildə dedi. Sonra, sakit şəkildə soruşdu:
- Bütün bunlar nə deməkdir?
Qafarov mayorun bu davranışını təmkinlə qarşılayıb cavab verdi:
- Nə demək istədiyinizi başa düşürəm, cənab mayor. İndi sizə hər şeyi izah edərəm.
Bunu deyib, Oktay, öz fikirlərini Əkrəm Hacıyevlə bölüşməyə başladı.
* * *
[cavab]
OpErA1
2 İyun 2013 / 01:08
Evdə sükut hökm sürürdü. Az sonra, Tamara bu sükutu pozaraq dilləndi:
- Axı, nəyə görə bütün bunlar bizim başımıza gəlir?
- Elə, sənə görə. – Teymur səsini qaldırdı. – Sənə vaxtında dedim ki, bu adamla evlənmə. Atama dedim, sənə dedim. Hansınız qulaq asdını mənə? Heç biriniz.
- Elə demə, qardaş. – Yeganə, başı üstündə dayanan Teymurun əlindən tutdu.
- Nə edim, bəs? Elxanın ucbatından ikiniz də ölümlə üzbəüz dayanmısınız.
- Bəsdir, sən Allah, ay Teymur. – Bayaqdan dinib-danışmayan Əfruzə söhbətə müdaxilə etdi. – Bunlar hardan biləydilər axı.
Bu vaxt, mayor evə daxil oldu. Hamı, nəsə gözləyirlərmiş kimi diqqətini ona yönəltdilər. Hacıyev asta addımlarla divana yaxınlaşıb əyləşdi. Bir qədər düşündükdən sonra, dedi:
- Sizinlə söhbətimizi, bu günlük, bitiririk. Amma, sizə bəzi tapşırıqlarım olacaq. Üzünü Tamara ilə Yeganəyə tutdu. – Bir neçə gün ərzində, çalışın evinizdən çölə çıxmayın. Tanımadığınız qonaqları evə qəbul etməyin. – Sonra üzünü digərilərə də tutub bildirdi. – Bu tapşırıqlar, sizə də aiddir. Bunlara qəti şəkildə əməl edin.
- Deyirsiniz, öz evimizə dustaq olaq? – Yeganə kinayəli şəkildə soruşdu. Tamara onun qolunu sıxıb, mayora dedi:
- Nə deyirsinizsə, edərik. Təki, bu kabusdan tez qurtulaq.
- Narahat olmayın. İmkan verməyəcəyik ki, sizə nəsə etsinlər. Çox tez bir vaxtda, cinayətkarı ifşa edəcəyik.
Mayor Əkrəm Hacıyev sözünü bitirib ayağa qalxdı və xudahafizləşib evdən çıxdı.
Tapşırıq
Saat 15:50 göstərirdi. Tünd yaşıl rəngli “Volqa” uzun avtomobil yolunu qət etdikdən sonra, bir qədər dar küçəyə tərəf buruldu. Daşlı yolla bir qədər gedib, kiçik gəzinti parkının yanında saxladı. Yaşlı adam avtomobildən düşərək ətrafa göz gəzdirdi. Sonra qapıları kilidləyib, əlindəki kağıza bükülmüş bir şeyi pencəyinin cibinə qoydu. İzdihamın arasına qarışaraq görünməz oldu. Ancaq bir nəfər onu görürdü və görməkdə də davam edirdi. Bu bir nəfər, aradan uzaq bir məsafə saxlayaraq yaşlı adamı izləyən Oktay Qafarov idi. Yaşlı adam iti addımlarla parkın digər çıxışından çıxaraq avtomobil yolunun o biri tərəfinə keçdi. Sonra, binaların arası ilə məhəllələrdən birinə girdi. Oktay Qafarov dərhal həmin məhəlləyə girdi, amma, izlədiyi adamı görə bilmədi. Cəld məhəllədən çıxıb gəzinti parkına daxil oldu və ağacların arasındakı oturacaqlardan birində əyləşib gözləməyə başladı. Çox keçmədi ki, həmin yaşlı adamı məhəllədən çıxan gördü. Gizləndi ki, yaşlı adam onu görməsin. Çünki, onlar bir-birini yaxşı tanıyırdılar. Oktay Qafarov ilk olaraq, elə bu adamın, yəni, polis bölməsinin rəisi Təbriz Ağayevin bu cinayətdə əli olduğundan şübhələnməyə başlamışdı. Şübhələri də doğru çıxmışdı. Oktay, Təbriz Ağayevin parkı keçərək “Volqa”ya minib gedənə kimi gözlədi. Sonra, gizləndiyi yerdən çıxdı və “Volqa”dan bir neçə metr aralıda saxladığı “Mercedes-Benz” markalı avtomobilinə tərəf getdi. Sükan arxasına keçib avtomobili işə salaraq “Volqa”nın arxasınca şütüdü.
Ev dağınıq halda və sükut içində idi. Bir neçə saat olar ki, kimsə girməmişdi bu evə. Ev bir qonaq otağı, bir yataq otağı və mətbəxdən ibarət idi. Qonaq otağı heç də adına uyğun görünmürdü. Otaqda, uzun masa, masa ətrafında stullar, köhnə kitab rəfi və taxta stula qoyulmuş televizor var idi. “HP” şirkətinin istehsal etdiyi “Notebook” bilgisayarı və xeyli kağızlar, fotoşəkillər masanın üzərinə qoyulmuşdu. Geniş divardan, divar boyunca taxta lövhə asılmışdı və lövhəyə çoxlu sayda gizli çəkilmiş fotoşəkillər, qəzetlərdən səliqə ilə kəsilmiş məqalələr və sair kağızlar yapışdırılmışdı. Yataq otağında geniş paltar rəfi və təknəfərlik yataq var idi. Paltar rəfində asılan müxtəlif növ paltarlar arasında qara rəngli kostyum şalvar və pencək dərhal seçilirdi.
Bir qədər sonra, qapı kilidinin səsi gəldi. Qapını açan adam içəri girib dərhal qapını səssizcə bağladı və açarları cibinə qoydu. Gözü qapının altından atılmış zərfə sataşdı. Zərfi götürüb açdı. İçərisində dəftər vərəqinə yazılmış məktubu oxudu:
[cavab]
OpErA1
2 İyun 2013 / 01:09
Boss-dan tapşırıq gəldi. Səninlə gecə bir ünvanda görüşməliyik. Mənzilin poçt qutusuna bax. Pulların və görüşəcəyimiz ünvan oradadır. Gecə 12-də ünvanda olacam. Sən də çalış ki, gecikməyəsən.”
Yataq otağına keçib qara əlcəkləri geyindi və qara pencəyin cibindən poçt qutusunun açarını götürüb mənzildən çıxaraq blokdakı poçt qutusunu açdı. Qəzet parçasına bükülmüş bağlamanı götürüb qutunu bağladı və təkrar mənzilə daxil oldu.
Hamamda əllərini yuduqdan sonra, mətbəxə keçib soyuducudan içində ətli sous olan qazançanı götürdü. Qaz sobasını yandırıb, qazançanı sobaya qoydu. Qonaq otağına daxil olub, bilgisayarın arxasına keçdi. Poçt adresinə daxil olub, məktubları yoxladıqdan sonra, “My document” qovluğundakı bəzi sənədlərə göz gəzdirdi. Sonra, bilgisayarı bağlayıb, televizoru işə saldı. Azəri kanalların birində sənədli film göstərirdi. Adam televizoru həmin kanalda saxlayıb mətbəxə keçdi. Qaz sobasını söndürüb, rəfdən bir boşqab götürdü. Boşqaba bir qədər isinmiş sousdan tökərək mətbəxdən çıxıb qonaq otağına qayıtdı. Xörəyi yeyərək, sənədli filmə baxırdı. Filmdə gizli təşkilat barədə tarixi məlumatlardan bəhs edirdi. Bir neçə keçmiş məxvi agent adamlarının həyatı haqqında danışılırdı. Mövzu maraqlı olsa da, dublyajçının səsi adama elə də xoş təsir bağışlamırdı. Yarım saatdan sonra, bulaşıq boşqabı götürüb mətbəxə apardı. Sonra televizoru söndürüb yataq otağına getdi. Paltar rəfini açıb açarı kostyumunun çibinə qoydu və əlcəkləri çıxarıb asılqandan asdı. Dəhlizə qayıtdı. Ayaqqabılarını geyinib mənzildən çıxdı.
Təbriz Ağayev “Volqa”nı köhnə, çoxdandır istifadədə olmayan bir zavodun həyətinə saldı. Xəlvəti bir yerdə avtomobili saxlayaraq gizlətdi. Sonra, piyada zavodun həyətini əhatəyə almış hazarı aşaraq yola çıxdı. Geniş avtomobil yolunun kənarındakı özünə məxsus ağ rəngli “Hundai” markalı avtomobilinə oturdu. “Hundai” hərəkətə gəlib avtomobil yoluna daxil oldu.
Gecə, saat 00:30-u keçmişdi. Təbriz Ağayev yarımçıq binalardan və bir neçə kimsəsiz evlərdən ibarət xarabalıqda səbirsiz halda gəzişərək qara geyimli “Çalağan” adlandırdığı adamı gözləyirdi. Səbirsiz olduğu tez-tez saatına baxmasından bəlli olurdu. Artıq gözləməkdən səbri tükənmiş halda olan Ağayev 2 metrə yaxın məsafəni addımlayaraq irəli-geri hərəkət edən zaman geri dönərkən diksindi. Çünki, səssiz-səmirsiz gələn qara geyimli maskalı adamın qəfil qarşısına çıxmasını gözləmirdi.
- Bu nədir? – Özünü birtəhər ələ alan Ağayev asta səslə dedi. – Gəlmisənsə, niyə xəbər etmirsən?
Qara geyimli adam dinməz-söyləməz Ağayevin üzünə baxıb, eşidəcəyi tapşırığı gözləyirdi. Təbriz arxadan şalvarına keçirdiyi parçaya bükülmüş bir şeyi çıxarıb qara geyimli adama uzadaraq dedi:
- Al bu silahı. Sənədsiz filansızdır. Bundan sonra, bu silahdan istifadə edəcəksən.
Qara geyimli adam bükülü parçanı alaraq açıb içindəki silahı əlinə aldı. Əlində o tərəf bu tərəfinə baxıb razılıqla başını tərpəddi. Bir qədər baxıb, sonra əlini qaldıraraq silahı Təbriz Ağayevin alnına tuşladı. Təbriz dili topuq vuraraq dedi:
- Nə edirsən, axmaq? Oyuncaq deyil. Sal aşağı.
Qara geyimli adam üzündəki maskanın baxmaq üçün qoyulan yarığından dikilən istehzalı baxışları ilə Təbrizə göz vuraraq, silahı aşağı salıb arxadan belinə keçirdi.
- Bir də, mənimlə belə zarafat eləmə. – deyə, Ağayev sərt şəkildə dilləndi. – İndi isə qulaq as. Boss-un tapşırığına görə, sənin hədəfin Tamara Həmidzadə olacaq. İki günə onu aradan götürməlisən. Yeganə Həmidzadə hələ ki, siyahıdan silinib. Tamaranı öldürdükdən sonra isə, cəsədini iz qoymadan yandıracaqsan. Anladın? İz qoymadan. Çalış, səhvə yol verməyəsən. Yoxsa, Boss bu dəfə səni bağışlamayacaq.
Qara geyimli başı ilə razılığını bildirdi. Sonra, Təbriz Ağayev onu tələsdirərək dedi:
[cavab]
Bölmeye qayıt
0.1411 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az