QARAQAN (ROMAN)
sindirella1
21 May 2013 / 15:02
“ Bu cinayətdir? Heh. O dükanlar ki, dövlət vergisindən qaçıb camaatı sərxoş eliyən içkilər satır. O fahişələr ki, sərxoş daydayların pullarını öz döşlərinin arasında gizlədir. Murdar adamlarla dolu barlar, cındır jurnalistlərlə dolu televiziyalar. Xalqın beynini mənasız şeylərlə doldurub yuxusunu daha da dərinləşdirirsiniz. Bakirə qızları yoldan azdırıb onlarla min bir oyundan çıxırsız. Sizin həyatınız təkcə iş və evdən ibarətdir. Amma mən daha artığını görmüşəm. Bayıl türməsində öz doğma atasını zorlayan mavilər. Metroda tanımadığından anasını əlləyən biqeyrətlər. Striptiz zallarında bacısına müştəri axtaran namussuzlar. Müdirin masasına uzanan katibələr. Uşaq kaloniyalarındakı pedofillər. Demokratiyanın dördillik oyuncaqları. Seçkiqabağı kampaniyalarda camaatın qabağına atılan yağlı sümüklər. Məktəblərdə yetişdirilən nəşəxorlar. Otellərdəki piyli xaricilərin altında uzanan 14 yaşlı qızlar. Kasıb insanlardan tragediya oyuncağı düzəldən verilişlər. Xeyriyyə məqsədi ilə alınan pulların yarısını cibimizə qoymağımız. Cındır siyasətin qurbanı olan İraqa göndərdiyimiz 100 nəfər əsgərlə Amerikaya göstərdiyimiz inanılmaz dərəcədə böyük yardım. Ya Qarabağ qayıdandan sonra qaçqınların dallarından təpik ilişdirib şəhərdən meşəyə göndərmək arzularımız. Pornoya çevrilmiş küçələr. Ömürlərində bir dəfə də olsun qocalar evinə getməyən cavanlar. Ağzı cırıq yekəpər polislər, yaltaq deputatlar, çayxana müxalifətçiləri, qoyun tələbələr, qomik müğənnilər, selikon sənətçilər, arvadbaz idmançılar. Ömürlərinin sonuna kimi evləndiklərinə peşman olan ailələr. Ata-ananın söyüşləri altında böyüyən uşaqlar. Hollivud cizgi filmləri ilə böyüyən uşaqlar, böyük qardaşlarının prezirvativlərini qurdalayan uşaqlar, qələmdən tez siqaretlə tanış olan uşaqlar – gələcəyin manyakları, zombiləri. Ana südünə həsrət qalıb paket yeməklər yeyən paket uşaqlar. Sırtıq mollalar, palçığdan tikilmiş binalar. Heç nə haqda fikirləşməyən, televizor pultu ilə doğulan, dalları divandan qalxmayan avaralar. Yalançı tarixçilər, keçəl cangüdənlərin qalın boyunlarına sarılmış maymaq milyonerlər. Sütunsuz şadlıq sarayları və stulsuz məktəb sinifləri. Qalstuklu eşşəklər, paqonlu sıpalar, mikrofonlu qoduğlar. Bəs bunlar? Bunlar cinayətkar deyil? Yox cənab hakim, bunlar cinayətkar deyil. Bunlar düşməndir.. Bunlar əsl düşməndir. Bu əsl müharibədir. Müharibədə heç kəs düşməni məhkəməyə vermir. Müharibədə Kalaşnikov ilə düşmənin ağzını cırırsan. Qumbara ilə bağırsaqlarını yerə tökürsən. Bəs siz nə edirsiniz? Ən uzağı bir-iki qəzetdə bunu tənqid edirsiz! Bəlkə Qarabağ gedəndə də heç döyüş olmayaydı? Elə bir-iki qəzetdə erməniləri pisləyəydik? Görəsən hara qədər gəlib çıxardılar? Mənim etdiyim cinayətdir? İntihar etməyə hazır olan gəncləri yenidən həyata qaytarmışıq, ruhu ölmüş insanları yenidən diriltmişik. Ərlər gecələri öz arvadlarının yanında keçirir. Uşaqlar rahat məktəbə gedib layiq olduqları qiyməti alır. Narkomanlar bizim qorxumuzdan iynə almırlar.. Bu sizin xoşunuza gəlmir? Hə? Bəlkə narkoboronlardan sizə gələn faiz azalıb? Bəlkə qadın alverinın gəlırı aşağı düşüb?
[cavab]
sindirella1
21 May 2013 / 15:02
Yoxsa hərdən bir pritonlara nəzarətə gedəndə Mama Roza sizə daha pulsuz qız təklif etmir? Cənab Hakim, bəlkə oğlunuzun sizdən gizlətdiyi HOST könəyini tapmısınız?!!! HƏ..? Axı sizin oğlunuz da bizim ordumuzdadır..
Bu sözlərdən sonra məhkəmə zalına sükut çökdü. Abbas elə danışmışdı ki, içəridə gözləri bərəlməmiş bir nəfər də yox idi. Bütün Dünya Televizorların qarşısında bu çıxışı izləyirdi. Abbasın səsi bütün qulaqlara çatmışdı. Evdə xalçanın üzərində oturub televizora baxan bacı-qardaş, öz ofisindən bu sözləri dinləyən iş adamları, radiodan eşidən taksi sürücüləri, türk kafelərində lahmacun yeyən cavanlar. Hər kəs. Hər kəs donub qalmışdı. Indi hakim nəsə deməli idi. Bu sükut bu qədər uzun ola bilməzdi.
- Abbas, siz kimə qulluq edirsiz? Hə? Dövlətə yoxsa hansısa A adlı kökü-mənşəyi bilinməyən cinayətkara?
Abbas ayağa qalxıb dedi:
- Biz Allaha qulluq edirik. A - Allahın elçisidir.
Bu sözlərdən sonra məhkəmə zalında dəhşətli bir uğultu eşidildi. İçəri ağ dumanla doldu. Polislər Abbası əhatə etdilər. Camaat qorxub zalı tərk etməyə başladı.
Mən də ayağa qalxmaq istədim. Amma Azad qolumdan yapışıb yerimə oturtdu. ”Gözlə, hələ vaxtı deyil ”.
İşıqlar yanıb sönməyə başladı. Məhkəmə binasının həyətindən kütlənin səsi eşidilirdi. ”A”, “A”, “A”. Sonra Polis sirenaları, atəş səsləri. Aslan məhkəmə zalından çıxan insanları yarıb içəri keçdi. Bizə yaxınlaşıb dedi:
- Tez edin. Burdan çıxmalıyıq. Mən gizli yol bilirəm. Kütlə qızışıb. Onu saxlamaq olmur. Onlar bura hücum edirlər. Abbası tapın. Abbası tapın.
Azad dedi:
- Niyə? Niyə hücum edirlər ki?
- Biz bayırda idik. Məhkəmə binasına baxırdıq. Camaat eşitdi ki, A - Allahın elçisidir. Sonra binada işıqlar yanıb sönməyə başladı. Sonra elə bil ki. Hmm. Elə bil ki, bəzi pəncərələrdə işıq yandı digərlərində isə söndü. Bütöv binada pəncərə işıqları ilə A yazıldı. Sonra yenə bütün işıqlar söndü. İkinci dəfə “Hücum” yazıldı...
Aslan bu sözü deyən kimi arxadan partlayış səsi gəldi. Avtomobillər yanırdı. Kütlənin gurultusu getdikcə yaxınlaşırdı. Aslan bizi hakimin kürsüsünə tərəf apardı. Onun altında gizli keçid vardı. Üçümüz də o keçidlə aşağı enməyə başladıq. Kütlənin səsi daha da artdı. Tələsik pilləkənləri enib dar dəhlizə düşdük. Bu mənzərə mənə bir il əvvəlki hadisəni xatırlatdı. Aslan məni və Azadı ikinci dəfə gizli yol ilə xilas edirdi. Var gücümüzlə irəli qaçırdıq. İşıqlar getdikcə azalırdı. Dəhlizin isə sonu yox idi.
“ 1.Ürəkləri döyündürən gün! 2.Nədir ürəkləri döyündürən gün? 3.Nə biləsən nədir ürəkləri döyündürən gün? 4. O gün ətrafa səpələnmiş qaynaşan pərvanələrə bənzəyər insanlar. 5. O gün didilmiş yun kimi olar dağlar. 6 Ağır çəkili kimsələr 7. razı qalacaqları bir ömrə qovuşarlar . 8.Yüngül çəkili kimsələrsə 9. uçuruma düşərlər. 10 . Nə biləsən o nə uçurumdur elə ? 11 . Yanar bir oddur o uçurum. ( Quran’i Kərim “Qaria” surəsi )
Bilmirəm nə qədər qaçdıq. Amma o qədər yorluduğum hələ yadıma gəlmir. Biz qurtulmuşduq. Amma Abbası tapa bilməmişdik. Deyəsən o içəridə qalmışdı. Uzaqdan yenə atəş səsləri gəlirdi. Biz döngəni keçib ikinci pilləkənlərə çatdıq. Bu pilləkənlər yuxarı qalxırdı. Aslan bizi tələsdirirdi. “Tez eliyin, Abbası çıxarmalıyıq”. Biz yuxarı qalxanda məhkəmədən xeyli uzaqda yerləşən metronun içindəydik. Mən heç bilməzdim ki, məhkəmə zalından metroya gizli yol gedir. Camaatı itələyə-itələyə küçəyə çıxdıq. İndi də eyni yolu geriyə doğru qaçırdıq. Məhkəmə uzun binaların arxasında qalmışdı. Ora çatmalıydıq. Yolda bir qrup HOST-çu bizi tanıyıb maşını saxladı. “Ey, Azad, Anar, bura gəlin. Sizi aparaq”. Biz maşına oturduq. İki dəqiqəyə məhkəmənin yanındaydıq. Böyük bir kütlə polislərlə əlbəyaxa döyüşə girmişdi. Plakatların taxtası ilə polisləri vururdular. Məhkəmə binasını daşa basırdılar. Digər HOST-çular maşınları polislərin üstünə sürürdülər. Uzaqdan daxili qoşunların su maşını kütlənin bir hissəsini yarmaq istəyirdi. Amma bizimkilər də geri qalmırdılar. Spirtli şüşə qabları polis avtomobillərinin üstünə çırpırdılar. Şəhərin mərkəzi yanırdı. Qısa vaxtda kütlə su maşınını hərbçilərdən aldı. İndi su maşını polislərə tərəf yönəlmişdi. Bakının böyük bir hissəsi xaosa çevrilmişdi. Biz kütləyə yaxınlaşmırdıq. Çünki onlara hücum əmri verməmişdik. Bəlkə bunu A etmişdi. Amma biz dəqiq bilmirdik. Ona görə qıraqdan camaatın sakitləşməsini gözləyirdik. Polislər geri çəkilirdi. Bu kütləni sakitləşdirmişdi. Əslində kütlə hər yeri dağıtmaq istəmirdi. Onlar sadəcə Abbası xilas etmək istəyirdilər. Hərbi dəstələr də bunu başa düşüb hücumu dayandırdılar. Məhkəmə zalının içində isə hələ də qarışıqlıq idi. Bir neçə güllə səsi eşidildi. Biz yavaş-yavaş məhkəmə binasına yaxınlaşırdıq. Aslan cibindən tapancaları çıxarıb hərəmizə birini verdi. Mən tərəddüd etdim. Amma o dedi:
- Hər şeyə hazır olmalıyıq.
[cavab]
sindirella1
21 May 2013 / 15:02
Mən tapancanı kurtkamın iç cibinə qoydum. Kütlə sakitləşmişdi. Hamı Abbasın çıxmasını gözləyirdi. Biz də yaxınlaşdıq ki, Abbası tez götürüb Episentrə gedək. Uzaqdan yanğınsöndürən maşınlar məhkəmənin yuxarı mərtəbələrindəki yanğını söndürürdü. Polislər yerə düşmüş dəyənəklərini yığırdılar. Jurnalistlər kameralarını hazır tutmuşdu. Məhkəmə binasının qapısı açılanda kütlədən dərin bir “Ahh” səsi eşidildi. HOST-çular Abbası gətirirdilər. Amma əllərində. Onun çiynindən qan axırdı. Abbası yaralamışdılar. Azad qışqırdı: “Yol verin, yol verin... Zibilə qalasız sizi, yol verin”.
Biz kütləni itələyib Abbasa tərəf gedirdik. Yolda bir-ikisinə yumruq da ilişdirməli oldum. Onlar bizi Abbasa yaxın buraxmırdılar. Amma Abbas uzaqdan məni tanıyıb dedi:
-Anar, Anar, bura gəlin. Aparın məni. Anar!!!...
Camaat aralanıb bizi irəli buraxdı. Tez Abbası qucağımıza götürüb maşına yollandıq. Artıq heç nə düşünə bilmirdim. Abbası həkimə çatdırmaq lazım idi.
On-on beş dəqiqədən sonra biz onu Episentrə gətirdik. Şükür Allaha, bizim öz kiçik hospitalımız vardı. Orada öz həkimlərimiz Abbasın dərdinə əlac tapacaqdılar. Episentrin bütün mühafizəçiləri döyüşə hazır idi. Həkimlər Abbasın yarasından gülləni çıxarmaq istəyirdilər. Əməliyyat başlayacaqdı. Ona görə bizi otaqdan çıxardılar. Hər şey həkimlərin əlində idi. O çox qan itirmişdi. Bütün yolu sayaqlayırdı. Aynur dəhlizdə qısılıb digər qızlarla bir yerdə ağlayırdı. İndi Aysel də onların içində ola bilərdi. Araz divarı yumruqlayırdı. Aslan yerdə uzanmışdı. Azad kiməsə zəng edirdi, mən də əllərimi açıb dua edirdim...
Sonun sonu
Səhər yuxudan oyananda Aslan sakitcə dedi :
- Abbas öldü.
Bu sözlər qulağımı döyəclədi, elə bil başıma qaynar su töküldü. Tez qalxıb qapını açdım. Abbas yox idi. Aslana təəccüblə baxdım:
- Hə, Anar. Bir saatdan sonra dəfndir.
Mən divara təpik vurdum. Amma bu əsəbimi daha da gücləndirdi. Yerə yıxılıb uşaq kimi ağlamağa başladım. Hönkür-hönkür ağladım. Bu cür oğlan, Abbas kimi oğlan ölmüşdü. Içimizdən ən az ölümə layiq olanı o idi. Abbas həmişə başda olmuşdu. Həmişə çətin anlarda köməyə gəlmişdi. O ölə bilməzdi. Axı niyə Abbas? Niyə mən yox? Abbas HOST-a daha çox lazım idi. Görəsən A haralardadır indi? Görəsən o da ağlayır? A niyə ən çətin günümüzdə yenə də haradasa gizlənib?
Aslan əlini çiynimə qoyub dedi:
- Gəl düşək aşağı. Uşaqlar bir azdan cənazəni aparacaqlar.
Gözlərimi silib onunla həyətə çıxdım. Episentrin ətrafı adamla dolu idi. Dünənki qızğın kütlədən əsər-əlamət qalmamışdı. Hər kəs qara geyimdə, hər kəs gözüyaşlı sakitcə Abbasın son gedişini gözləyirdi. Bizi görüb başlarını aşağı salırdılar. Bəziləri yaxınlaşıb başsağlığı verirdi. Bəzi qızlar hönkürtülərini saxlaya bilmirdilər. HOST-un ürəyi qırılmışdı. İndiyə kimi bir dənə də itki görməyən ordumuz birdən-birə ən lazımlı əsgərini itirmişdi. Mənə elə gəlirdi ki, bu HOST-un sonudur. Mənə elə gəlirdi ki, A da bizi tərk edib gedəcək. Dünənki hücumdan sonra A da bizdən üz döndərəcək. Bütün gözlər bizə baxırdı. Biz nəsə etməliydik. Amma Abbasın nurlu gülüşündən başqa heç nə haqda fikirləşə bilmirdim. Abbas, Abbas... Kütlə yavaş-yavaş qaynamağa başlayırdı. Arada bir bəzi suallar verilirdi. ”Niyə cənazəni gətirmirlər?”, “Abbas öldü, bəs indi nə olacaq?”, “Kim öldürdü onu? Nə edək?”, “A haradadır?”, “HOST dağılacaq ?” Biz bu suallara cavab verə bilmirdik. Çünki cavabı bilmirdik. Heç kəs bilmirdi nə olacaq. Həyat həmişə yaxşı insanları tez aparır. Abbasın nə heykəli qoyulacaq, nə də ki hörməti qalacaq. Abbas dünyanın gözündə cinayətkar kimi öldü. Amma bəlkə də illər sonra onlar Abbasın nə işlər gördüyünü başa düşəcəklər. O da çətin. İnsanlar yaxşılığı gec anlayır amma tez unudurlar. Mən yığılmış kütləni saymaq istəyirdim. Amma deyəsən onun sonu yox idi. Bütün küçə camaatla dolu idi. Yəqin ki, milyonlarla adam bu gün burada idi. Onların gözləri harasa uzaqlara, ümidli bir gələcəyə zillənmişdi. Amma birdən qarşıdakı oğlanın boynundakı uşaq qışqırdı “Ora baxın, A gəlir!” Bütün kütlə Episentrin qapılarına baxıb guruldamağa başladı. Sonra dəli kimi hamı ağlaşdı. Qadın, kişi, uşaq, qoca - hamı ağlayırdı. Mən də yavaşca çevrilib Episentrin qapısına baxdım. Qapqara uzun paltarlı, qapqara maskalı, başında qara kapüşon, sinəsində qıpqırızı yekə “A” hərfi, çiynində də Abbasın cənazəsi. A Abbasın cənazəsini daşıya -daşıya bizə yaxınlaşdı. Sağ tərəfdən A yapışmışdı, sol tərəfdən də mən yapışdım. Arxadan Aslan və Azad yapışdılar. Əllərim tir-tir əsirdi. İlk dəfə idi A ilə çiyin-çiyinə durmuşdum.
[cavab]
sindirella1
21 May 2013 / 15:03
. Camaat az qala dəli olmuşdu. Onlar qorxaq siçanlar kimi geri çəkilib bizə yol verirdilər. Qızların ürəyi gedirdi. Oğlanların dili tutulmuşdu. Jurnalistlər də öz işlərindən qalmırdılar. Amma yaxınlaşmağa da cəsarət etmirdilər. Kapüşon A-nın sinəsinə kimi düşürdü. Üzünü görməsəm də onun nə qədər kədərli olduğunu hiss edirdim. Abbas onun ən yaxın dostu idi. Aslan da, Azad da heç nə demədən cənazəni daşıyırdılar. Dalbadal iki dəfə şok keçirən kütlə artıq sərxoş kimi bizim arxamızca gəlir, yol boyu ağılar oxuyur, cənazənin üstünə çiçəklər tökürdülər. Bakının bütün küçələrində nəqliyyat dayanmışdı. Bir nəfər də polis yox idi. Hər kəs Abbasın ölümünü matəm kimi keçirirdi. Onlar ən əziz HOST-çunu itirdikləri gün ən inanılmaz adam A-nı tapmışdılar. Onlar Abbasın cənazəsindən çox A-ya baxırdılar. Bilmirdilər ki, Abbasa görə ağlasınlar, yoxsa A-ya görə sevinsinlər. Onun hər hərəkətini izləyirdilər. Mən isə onun düz yanında olsam da bir an belə ona tərəf baxa bilmirdim. Qorxurdum. Çünki o seçilmiş idi. Hamı bilirdi ki, o seçilmişdi. Qəbristanlığa çatanda kütlə sakitləşdi. Biz bütün yolu piyada Abbası daşımışdıq. İndi də onu basdırmalı idik. A önə keçib Abbasın cəsədini cənazədən götürdü. Sonra təkbaşına onu qəbrə yerləşdirdi. Biz ona yaxınlaşmaqdan çəkinirdik. O çox əsəbi, eyni zamanda çox səbrli görünürdü. Üzünü seçmək olmurdu. Qara paltarı yerlə sürünüb torpağa bulaşırdı. Əlindəki bel ilə yavaş-yavaş Abbası basdırırdı. Bilmirəm niyə, amma A-nı dəlicəsinə sevirdim. Həmin an A-nı dəlicəsinə sevirdim. Mən elə bilirdim ki, ən böyük məhəbbət oğlanın qıza olan sevgisidir. Amma indi başa düşmüşdüm ki, mən heç vaxt heç kəsi A qədər sevməmişəm. Bu sevgi adi sevgiyə bənzəmirdi. Bu tamam başqa sevgi idi. Gözlərimdən yaşlar yanağıma süzülüb sinəmə tökülürdü. A Abbası basdırıb qurtarandan sonra qəbrin qarşısında diz çökdü. Başını aşağı saldı. Sonra silkələnməyə başladı. Mən onun nə etdiyini başa düşə bilmirdim. Heç kəs başa düşmürdü. Hamı donub qalmışdı. Arada elə bildim ki, indi Abbası dirildəcək. Amma yox. O nə isə başqa şey edirdi. Kütlənin içindən bir qız pıçıltı ilə dedi: “O ağlayır”.
Gözlərim dolub daşmağa başladı. Bütün kütlə fəryad etdi. Hamı ağlayırdı. Hamı A-ya baxıb uşaq kimi ağlayırdı. Bəlkə qəbristanlıq indiyə qədər belə ağlaşma eşitməmişdi. Bütün HOST bütün gənclər ağlayırdı. Bir az keçəndən sonra A ayağa qalxıb yavaşca Azada nə isə dedi. Azad da üzünü camaata tutub dedi: - Aralanın A getmək istəyir, tez, tez.
Böyük kütlənin arasında uzun bir dəhliz əmələ gəldi. Biz A-nı əhatəyə alıb onun təhlükəsizliyi üçün kütləni itələyə-itələyə keçidi genişləndirdik. Qəbristanlıqdan çıxanda A-nı qara avtomobil gözləyirdi. O heç kəsə heç nə deməyib getdi. Amma onun bu gəlişini bütün dünya görmüşdü. İlk dəfə idi ki, adı çəkilən qəhrəman üzə çıxmışdı. Televiziyalar onun gəlişini günlərlə təkrar göstərəcəkdilər. Bütün dünya A-nı izləyəcəkdi...
[cavab]
sindirella1
21 May 2013 / 15:03
Bəzən Məğlubiyyət qələbədən yaxşı olur
Abbasın ölümündən sonra kütləmiz daha da aqressivləşdi. Mən kitabı Abbasın ölümü və A-nın qəbirstanlıqda ağlaması ilə bitirdim. Kitabı A-ya apardılar. Bir neçə gün sonra kitab artıq əllərdə idi. HOST-un kitabı çörəkdən də çox satılırdı. Ən maraqlısı o oldu ki, bu kitab çıxan kimi Episentrə müxtəlif adamlar gəlib qəribə-qəribə şeylər deyirdilər.
Bəziləri deyirdi ki, A başqa planetdən gəlib. Bəziləri deyirdi ki, A - növbəti peyğəmbərdi. Bəzi müsəlmanlar deyirdi ki, bu, Imam Mehdidir. Bəzi xristianlar deyirdi ki, İsa peyğəmbərdi.
Buddistlər deyirdi ki, Krişna məhz A çıxan vaxtda çıxmalı idi. Katoliklər A-nı Antixrist adlandırırdılar. Deyirdilər onu uşaq evinə Şeytanın özü gətirib. Kitabımız iyirmidən çox dilə tərcümə olunub başqa ölkələrdə dərc olunurdu. HOST ideologiyasına qoşulanların sayı milyonu keçmişdi. Belə qısa vaxtda bu qədər yayılmaq mümkün deyildi. Amma mənim də şübhə etdiyim bir şey vardı. Deyəsən A təkcə Azərbaycanda olmurdu, tez-tez xaricə gedirdi. Hər ölkədə onun xüsusi adamları vardı. Onlara tapşırıqlar verirdi. Ən çətini bu fəlsəfənin Avropaya yayılması idi. Çünki orada insanlar o qədər pozulmuşdu ki, onları bir də geriyə normal hallarına qaytarmaq çox çətin olardı. Avropadakı dəstələrin də öz müsbət halları var idi. Maddi imkan yaxşı olduğundan bizim hələ də bacarmadığımız işi görmüşdülər, bir həftəyə televiziya açmışdılar. Onlar bizdən daha yaxşı silahlanırdılar. Amma mənə ən pis təsir edən o idi ki, Abbasın ölümü bizim uşaqlardan heç kəsin vecinə deyildi. Üç gün keçməmiş hamı yenə öz işindəydi, heç bir dəfə də olsun Abbasın xatirəsini yad etmirdilər. Elə gedib-gəlib çevrilişdən danışırdılar. Çevriliş, çevriliş. Başqa söhbətləri yox idi. Özümə yer tapa bilmirdim. Bəlkə də Ayselin məni yarı yolda atması ürəyimi sıxırdı. Amma yox, nə isə başqa bir şey. Elə bil hər şey aydınlaşdıqca məlum olur ki, sən ümumiyyətlə əvvəldən heç nə bilmirsən. Aradan bircə ay da vaxt keçdi. Dünyaya qarışqa kimi səpələnmişdik. Hamı nəyisə gözləyirdi. Mən də tam başa düşə bilmirdim. Episentrin otaqlarında qaynaşan camaata baxırdım. Hamı nə isə bir iş görür, hesabat yazır, tapşırıqları yerinə yetirirdi. Ondan sonra isə “Qəribə gün” gəldi. Bu gün mənim həyatımda ən qəribə gün kimi qalacaq.
Qəribə Gün!!!
Mən, Aslan, Azad, Araz Episentrin baş zalında dəyirmi masa arxasında oturduq. Aslan telefonun dəstəyini qaldırıb dedi:
- Biz hazırıq...
Sonra Azad dedi:
- Uşaqlar, bu gün biz hakimiyyəti ələ keçiririk. Anar, sən də kitabı bitirdin. Bu kitab gözlədiyimizdən də güclü alınıb. Son Peyğəmbərin sonuncu kitabı. Bunun bu qədər hissiyyatlı və həqiqi olacağına inana bilməzdik. Aslan, sənin də ideoloji çıxışlarınla istədiyimiz kütləni yığa bildik. Abbasın verdiyi plana əsasən bu gün bizimkilər Milli Məclisi tuturlar. Sonra Prezident Aparatını. Oradan Gürcüsandakılara xəbər veririk ki, bizdə hər şey hazırdı. Onlarda da hər şey hazırdı. Siqnalı gözləyirlər. Bundan sonra Araz sənin uşaqların konstitutsiyanı Anarın kitabı ilə dəyişəcər...
Mən dözməyib onun sözünü kəsdim.
- Bir dəqiqə, bir dəqiqə. Siz nə danışırsız? Bir də başdan başlayın. Nə dövlət çevrilişi, nə konstitutsiya? Nə danışırsız?
Azad dedi:
[cavab]
sindirella1
21 May 2013 / 15:03
- Anar, səndən çox şeyi indiyə kimi gizlədirdik ki, kitabı yaxşı yazasan. Ürəkdən yaza biləsən. Amma indi sən də bilməlisən. Biz Azərbaycanı dağıdırıq..
Mən dedim:
- Necə yəni?
Azad davam etdi:
- Yadındadır sənin öz kitabında da o hissə var. Sərhədsiz, adsız, bayraqsız, himnsiz bir torpaq. Amerikanın kəşfi kimi olacaq bu. Biz dünyada ilk qeyri-dövlət yaradırıq. Nə seçkilər var, nə siyasətçilər, nə viza, nə sərhəd, nə dövlət adı, nə bayraq. Heç biri. Avropanın içində boş bir sahə. Biz bunu edən kimi Gürcüstan da qoşulur. Sonra Rusiyanın bir hissəsi, sonra Türkiyə, getdikcə bu boşluq bütün Avropanı tutacaq. Oradan da Asiyanı. Dünya birliyi başa düşürsən? Dünya birliyi. Ərəb qəbilələri parça-parça qalmışdılar, Məhəmməd Peyğəmbər gəlib onları İslam adı altında birləşdirdi. İndi də həmin şey. Dünya ilk dəfə olaraq qocalmış deputatların yox, gənclərin əlində olacaq.
Mən qışqırdım:
- Eyy, özünüzə gəlin! Ağlınızı başınıza yığın. Nə dövlət çevrilişi, nə deputatlar? Biz azad cəmiyyətik. Azad cəmiyyət olaraq da qalmalıyıq. Dövlətə hücum etmək olar?! Onlar bizi bir saatın içində məhv edərlər. Bu sizinçün məhkəmə binasını yandırmaq deyil ee. İstəyirsiniz vətəndaş müharibəsi olsun? Gül kimi təmiz saf uşaqlar idik indi nə olub? Niyə vəhşiləşmişik ki? Başa düşmürsünüz? Dövlətin o boyda ordusu var, vertolyotlar, tanklar. Elə bilirsiniz ki, bu dəfə də su maşınları ilə gələcəklər? HOST-a qoşulanlara baxın. Hamısı cavan uşaqlardı, onları tankın qabağına verək? Biz burada kabinetdə rahat oturaq, onlar da güllələnsin? Sonra da növbə bizə çatanda qaçaq xaricə? Ağıllı olmaq lazımdır. Partiya yaradaq seçkilərdə iştirak edək. Çevriliş olmaz, dövləti məğlub edə bilmərik. Buna gücümüz çatmaz...
Mən danışırdım. Amma uşaqlar üzümə elə baxırdılar ki, elə bil mən nağıl zad danışıram. Onlar mənə balaca uşağa, heç nədən xəbəri olmayan uşağa baxdıqları kimi baxırdılar. Bir dəqiqə sakit durandan sonra Aslan dedi:
- Yaxşı, Anar, sənə bir şey deməliyik. Hmmm. Səncə bəs indiyə qədər biz fahişələri yandıranda, camaata hədə-qorxu gələndə, universitetlərdə qarışıqlıq salanda, dükanları dağıdanda dövlət bunu görmürdü? Səncə dövlətin xəbəri yox idi ki, biz hansı binanın hansı mənzilində yığışırıq? Səncə bilmirdilər ki, neçə nəfərik? Dövlət bu qədər zəifdir ki, indi episentri mühasirəyə alıb hamımızı qıra bilməsin? Get küçədə HOST köynəyini geyinməyib bir mağazadan çörək oğurla, o dəqiqə polislər səni tutacaqlar. Amma get HOST köynəyində həmin dükanı yandır. Heç kəs heç nə etməyəcək..
- Nə demək istəyirsən? Bu niyə belədir ki? Doğrudan niyə indiyə qədər dövlət bizə heç nə etməyib?
Aslan ayağa qalxıb gülümsədi:
- Çünki dövlət elə bizik. Biz dövlətik. Abbas MTN-dən heç vaxt çıxmamışdı. Bizim bütün maddi dəstəyimizi Prezident şəxsən dövlət büdcəsindən ayırırdı. Mühafizəçilərimiz Daxili işlər Nazirliyinin işçiləridir.
- Siz məni dolayırsız?
Azad dedi:
- Bu böyük bir gizli plan idi. Dövlət özü bunun üzərində illərlə baş sındırırdı. Azərbaycan Avropalaşır. Dünya çirklənir, neftimiz batır, rüşvət, əxlaqsızlıq, haramçılıq. Bunun qarşısını Prezident tək ala bilməzdi. Çünki onu bir dəqiqənin içində daha böyük qüvvələr - Amerika, Rusiya kimi fiqurlar məhv edərdi. Ona görə dövlət belə bir priyom işlədir. Güya ki, normal demokratik bir ölkədir. Amma onun içində gizli, radikal qruplaşmalar var. Özü də onlar dünyanın ümumi sisteminə qarşı çıxıblar. Yuxarıdan Amerika bunu görüb Prezidenti sıxışdırır ki, bunların qarşısını al. O da ondan kömək istəyir. Amerika müəyyən miqdarda pul ayırır. Həmin pul bizə qarşı işlənməli idi. Amma bu pul da bizim güclənməyimizə sərf olunur. Biz dörd nəfərdən başqa bunu heç kəs bilmədiyindən, xarici casuslar da bizim dövlətlə əlaqəmizdən xəbər tuta bilmirlər. Hansı HOST-çuya yaxınlaşırlarsa hamısı ancaq yeni gəlmiş peyğəmbərdən danışır. Hansı polisə yaxınlaşırlarsa hamısı bizim Vəhhabilər, ya da Amerika tərəfindən idarə olunduğumuzu deyir. Xaos. Heç kəs heç nə bilmir. Bu dəyirmi masa və Prezidentin xüsusi 4 nəfərlik komandasından başqa heç kəsin heç nədən xəbəri yoxdur.
[cavab]
sindirella1
21 May 2013 / 15:04
- Yox ola bilməz ? Siz qəsdən elə deyirsiz ki, inanım. Lap tutaq ki, elədir. Lap tutaq ki, dövlətin öz işidir. Bəs niyə dövlət özünü dağıtmaq istəsin ki? Kim istəyər ki, dövlət dağılsın?
- Dövlət dağılmır ki? Dövlət öz idarəçiliyini davam etdirir, sadəcə başqa bucaq altından. Təsəvvür edirsən bu Azərbaycan üçün nə deməkdir. Boş bir yer yaranır. Tarixin sınma nöqtəsi. Gürcüstan, Türkiyə, digər ölkələr hamısı birləşir boşluqda. Bəs bu boşluğun mərkəzi haradır? HOST-un mərkəzi haradır? Episentr. Episentr haradadır? Bakıda. Çox sadə bir siyasi oyun. Bakı haranın baş şəhəridir? Azərbaycanın!
- Siyasi oyun? Siyasi oyun? Deməli mən sevgilimi hansısa bir siyasi oyuna görə atmışam?! Deməli bütün ideallarımız, bütün arzularımız hamısı siyasi oyundur? Hava, Od, Su, Torpaq. Bunlar hamısı siyasi oyundur. Elə bilirsiniz sizin məni bu qədər aldatdığınızı bağışlayaram? Mən bir dəfə hər şeyə tüpürüb getmişdim. Bunu ikinci dəfə də edə bilərəm. Siyasi oyun. İndi buradan çıxıb hamıya deyəcəm hər şeyi. “Eyy camaat, fərqlilərin birliyi, İlahi ordu, HOST, bunlar hamısı siyasi oyun imiş. Qayıdın evinizə boş-boş vaxtınızı nəyə gəldi sərf etməyin. Gedin uşaqlarınızın, valideynlərinizin yanına. Hamısı siyasi oyun imiş. Sizə nə, siyasi oyunlarla qoyun siyasətçilər məşğul olsun. Siyasi oyun”...
- Kəs səsini!!! – Azad əlini masaya çırpıb qışqırdı - bəsdir özünü uşaq kimi apardın. İndi ən vacib anda bircə sənin paranoyan çatışmırdı. Özünə gəl. Beş dəqiqəyə çıxıb hücumu elan etməliyik. Milli Məclis də artıq boşaldılıb. Xüsusi qrimlənmiş yaralılar, yalançı tapancalar hamısı bizim hücumumuzu gözləyir. Sən də burada isterikaya düşmüsən. Əlbəttə ki, bu sadəcə oyun deyil, əlbəttə bizim ideallar öz yerində qalır. Əlbəttə arzularımız var və onlara çatacağıq. Sadəcə bir az fərqli vasitələrlə. Özün bilirsən. Əsas vasitə deyil, əsas nəticədir.
-Tüpürdüm sizin vasitənizə də, nəticənizə də. Mən gedirəm hamıya deməyə.
Qapını açıb çıxmaq istəyirdim ki, arxadan Azad nə iləsə başımdan ilişdirdi.
Bilirsinizmi?
Əslində Şah İsmayıl heç vaxt şair olmayıb. Şeirləri isə sadəcə ona oxşayan adi bir kəndli yazırmış.
Əslində fransızların indiyə kimi fəxrlə danışdıqları Bastiliya qalasına olan hücum zamanı nə qanlar tökülüb, nə qəhrəmanlıqlar nə də vətəndaş müharibəsi olub. 14 iyul 1789 –cu ildə Bastiliya qalası sadəcə köhnəlmiş və dövlət tərəfindən boşaldılmış içində cəmi 7 nəfər məhbus olan türmə idi. Bastilliyaya yüz nəfərdən az adam hücum edibmiş. Bastiliya qalasından isə cəmi bircə dəfə tapancadan göyə atəş açılmışlar. Hətta qapını belə silahsız gözətçilər özləri açıbmışlar.
Əslində Roma kilsəsinin 600 il tabe olduğu “Constitutum Сопstantini”- Konstantindən qalmış sənəd ( bu yazıda bütün hakimiyyət Roma kilsəsinə verilir – bütün Italiya, xristian torpaqları və qərb Romadan asılı olmasa onların cəhənnəmdə yanacağı bildirilib) əslində saxta sənəd imiş. Bütün Xristianlar 600 il saxta sənədə tabe olublar. Volter bu hadisəni xristian tarixinin ən böyük rüsvayçılığı adlandırıb.
Əslində İslamın mərkəzi sayılan Məkkədə yerləşən müqəddəs Kəbədəki qara daş 930-cu ildə oğurlanıbmış. Lakin bu fakt gizli qalıbmış. Möminlər daşın orada olduğunu düşünüb Həccə gedirmişlər. Bir də müqəddəs daş 952-ci ildə tapılıb geri qaytarılıbmış.
Əslində Luvrda yerləşən, Leonardo Da Vinçinin ən məhşur əsəri olan “Cakonda”da Mona Liza yox, Konstansiya adlı xanım təsvir olunub. Əsl Mona Liza isə London kolleksionerlərindən birinin evindədir.
Əslində Tarixin atası sayılan Herodot bilib bilmədiyi hər şeyi qələmə alırmış. Onun işlərinin çox hissəsi başqa yazıçılardan oğurlanmadır.
[cavab]
sindirella1
21 May 2013 / 15:04
Sondan Sonra
Başımın ağrısı hələ də keçməmişdi. Ayılanda əvvəlcə harada olduğumu anlamadım. Bu otağın içində hər şey yumşaq idi. Yer, divar, qapı. İçəridə heç kəs yox idi. Hündür tavanda zəif işıq yanırdı. Məni bağlamışdılar. Bir dəqiqə heç nə başa düşə bilmədim. Amma yavaş-yavaş yaddaşım yerinə gəlirdi. Onlar məni başımdan vurdular. Həyətdəki uşaqlar. Mənim topumla oynayırdılar. Amma məni oynamağa qoymurdular. Mən də topu götürəndə onlar məni arxadan vurdular. Sonra da ana məni xəstəxanaya gətirdi. Nə uzun yuxu görmüşəm. Bəs məni niyə bağlayıblar? Yox, yox, məni Azad vurub arxadan. Hə, hə, Aysel məni atıb getdi. Sonra Azad vurdu arxadan. Abbas öləndən sonra. Uşaqlar HOST-u hücuma səsləyirdilər. Ola bilməz. Deməli hücum baş verdi? Deməli insanlar çevriliş etdilər. Məni də burada bağlayıblar? Yox, yox, nə isə düz gəlmir. Aysel niyə məni atıb getsin ki? Axı hər şey yaxşı idi? Nə isə düz gəlmir! Bəs əgər dövlət təşkil etmişdirsə onda A necə oldu? Axı dəyirmi masada o yox idi? Bəlkə bu, A-nın sınağıdır? Bəlkə məni sınaqdan keçirir? Axı o, peyğəmbərdi. Bəlkə özünə yaxınlarını belə seçir. Mən sona qədər sadiq qalmalıyam. Bəzi şeylər danışdıqlarına uyğun gəlmir. Yaxşı lap dövlət təşkil edibsə axı A camaatın gözünün qabağında 9-cu mərtəbədən yerə tullanmışdı? Axı onun otağından çıxanda mənim ürəyim getmişdi. Hamı onun otağından çıxanda özünü itirirdi. Bu adi adam ola bilməz axı. Bəs uşaq evinə düşməyi, evlərinin yanmağı? Yox, yox, nə isə düzgün gəlmir. Deməli elə çıxır ki, Azad, Aslan, Araz A-nı satıblar, hə? Deməli onlar məni aldadıb əslində Milli Məclisə hücum ilə HOST-un məhvinə nail olmaq istəyirmişlər. Deməli onlar istəyirdilər ki, hamımız qırılaq. Aha, düzdü. Ayselə də bunu A xəbər verib ki, içimizdə casuslar var, o da elə bilib ki, mən də onlardanam. Ona görə Aysel məni atıb gedib. Yüz faiz..
Hmm. Bəs elə idisə onda niyə bir saat mənə nağıl danışırdılar? Elə birdəfəlik öldürəydilər də.Yox, yox, nə isə başqa şey. Bura haradır? Məni niyə bağlyıblar? Deməli başlayaq başdan. A gəldi, HOST yarandı, mən evdən qaçan vaxt bunlarla görüşdüm. Qoşuldum. Əsas üzvlərdən birinə çevrildim. Ayseli xilas elədim. Amma o mənimlə sona kimi gedə bilmədi. Bir dəqiqə. Stop. Stop. Stop. A, Azad, Adil, Abbas, Aslan, Araz, Aydın, Aynur, Aysel, Anar. Niyə hamısı A hərfi ilə başlayır? Niyə? Belə təsadüf ola bilər? Öz adım da A ilə başlayır. Niyə?
Bəlkə bütün bunlar mənim təxəyyülümdür. Bəlkə heç bir HOST cəmiyyəti yoxdur? Bəlkə hamısını mən burada fikirləşmişəm. Bura haradır ki? “Eyyy, məni kimsə eşidir? Bura haradır? Eyy buraxın məni”.
Yox, xeyri yoxdur. Bəlkə əvvəl gördüyüm yuxu deyildi? Bəlkə doğrudan nə vaxtsa topla oynayanda başımı vurublar, dəli olmuşam, indi də bu xəstəxanada özümdən şeylər fikirləşirəm.Yox, yox, dəli heç vaxt dəli oduğunu anlamır. Yox, yox . Sübut tapmalıyam. HOST-un var olduğunun sübutu olmalıdır. Hmm. Haradan tapım sübutu? Burada heç nə yoxdu. Yox, yox, bu qədər şeyi fikirləşmək olmaz. Bəlkə mən. Bəlkə mən A-yam? Bəlkə bütün bu cəmiyyəti mən toplamışam? Aysellə sərhəddə ayrılandan sonra türməyə düşdüm, orada Azadla tanış oldum. Ona hər şeyi öyrətdim. Sonra qaçışı təşkil elədim. Axı mən peyğəmbərəm. Deməli bəzi şeylər yadımdan çıxa bilər. Yüz faiz. A mənəm. O hamı ilə danışırdı. Bircə məndən başqa. Mənə kitab yazmağı demişdi. Bir elçinin kitabını başqa adam yazmır. Mən də özüm öz kitabımı yazıb bitirdim. İndi də dəyirmi masada oturmuşduq. Mən onlara əmr elədim ki, Milli Məclisə hücum etsinlər. İndi də..Hmm. İndi də Allahın yanındayam. Bu ağ palata yəqin səmadır. Yəqin yenə çəkilmişəm gizli otağıma və indi də ruhum qalxıb bura. Yoxxxx... Ağlıma gör nə gəlir. Yox.. A-zad deyiləm. Bu qədər nağılvari ola bilməz hər şey. Mən dəli-zad deyiləm. Hər şeyi olduğu kimi fikirləş. Anar, sakitləş, sakitləş. Hə.. Bax belə... İndi getdik bir də başdan. Uşaqlar deyir ki, HOST dövlətin qurduğu gizli təşkilatdır. Yaxşı, razılaşıram.
[cavab]
sindirella1
21 May 2013 / 15:05
Hmm. Sonra dedilər ki, hücum edirik, amma narahat olmayım. Çünki hər şey qabaqcadan hazırlanıb. Mən də başlayıram qışqırmağa, onda Azad məni vurur ki, gedib bütün planı alt-üst etməyim. Yıxılıram yerə, məni salırlar bura. Deməli hələ də Episentrdəyəm. Bu otaq da gizli otaqlardan biridir. Mən onlara mane olmayım deyə hələlik məni burada bağlayıblar. Bir azdan çevriliş qurtaracaq. Və gəlib məni buraxacaqlar. Stop. Bir məqam qalıb. Yaxşı, dövlətin işidirsə, deməli A peyğəmbər zad deyil. O da dövlətə işləyən adi gənclərdən biridir. Hmm.. İndi bir məsələ qalıb. Bəs niyə üzə çıxmır bu qədər? Niyə ancaq Abbas öləndən sonra çıxdı? Stop. Stop. Məntiqsizliyin biri də bu. Abbas öləndən sonra uşaqların heç vecinə deyildi ki, Abbas ölüb ya yox. İkinci məntiqsizlik. Əgər HOST dövlətin gizli qurumu idisə niyə Abbası öldürsünlər ki, özü də MTN-ə işləyir. Yox. Deməli belə. Bir az kənardan baxmağa çalışaq.
Hmm. Abbasın ölməyini mən gözlərimlə görmüşəm? Yox. Qan axırdı amma. Bəlkə Abbası qəsdlə yaraladılar ki, camaat bir az da qızışsın. Hə, hə.Yüz faiz. Kütləni oynatmaq üçün. İsa peyğəmbər xaça çəkilməsəydi bəlkə bu qədər tərəfdarı olmazdı. Peyğəmbərlərin hamısı əzab əziyyət çəkib. Ancaq şəhidlər əsl qəhrəman sayılır. Hə, yüz faiz. Bu iş quraşdırlıb. Romeo Cülyetta kimi. Onlar ölməsəydi bu qədər pərəstişkarları olmazdı. Nəsiminin soyulması. Aha. Deməli burada iki variyant var. Ya Abbas razı olub ki, onu doğrudan da öldürsünlər. Bu da ona tarixdə qalma şansı verir. Yox. Əslində onlar Abbası öldürmədilər. Mən onun meyitini görmədim. Gecə ilə Abbas oradan çıxdı. Sonra onun yerinə başqa bir şeyi kəfənə bükdülər. Və A həmin şeyi çiyinlərində. Stop. Stop. Stop. A yoxdur əslində!!! Uşaqlar onu uydurmuşdular. Əvvəlcədən elə bir adam olmayıb. Bomba. Əla !!!!!! Yalandan nağıl fikirləşiblər ki, belə bir uşaq var imiş onu yetimxanaya atıblar. Evləri yanıb, nə bilim dünyada hər şeydən xəbəri var. Nə bilim gecələr yatmır, bir neçə yerə bölünə bilir, peyğəmbərdi, nədi. Peyğəmbərlər heç vaxt gizli iş görməyiblər. Onlar həmiş üzdə olublar. Heç vaxt gizlənməyiblər. Amma A heç kəslə üz-üzə danışmırdı. Çünki dövlət onu tanıya bilərdi. Əgər HOST dövlətin işi idisə onda A dövlətdən qorxmamalı idi dəə. Heç olmasa bu bir il ərzində bircə dəfə bizimlə bir yerdə oturmalı idi də. Amma mən elə eşidirdim ki, A elə dedi, A belə dedi. Əslində o sadəcə uydurmadı. Hmm. Bəs niyə uydurulsun ki? Hmm. Hə, tapdım. Çünki uşaqların hamısı adi uşaqlar idi. Hər kəsin mənfi cəhəti olduğu kimi uşaqların da mənfi cəhəti var idi. Azad bəstəboy idi. Aslan üzdən çirkin, Abbas əvvəl MTN-də işləmişdi. Peyğəmbərləri MTN-ə işə götürmürlər. O birilərin də hər birinin hansısa bir mənfi cəhəti var idi. Ideal adam yaratmaq lazım idi. Nə qara saçlı olsun, nə azərbaycanlı olsun, nə sarışın olsun, nə gözünün rəngi bilinsin. Gərək hər kəs onu ideallaşdırdığı kimi təsəvvür edə biləydi. Ona görə də hər dəfə uşaqlardan biri gizli otağa girib onun maskasını taxırdı. Bəlkə də bir neçə eyni maska var imiş. Ona görə camaata elə gəlirdi ki, gecələr yatmır, bir neçə yerdə eyni vaxtda ola bilir.
[cavab]
sindirella1
21 May 2013 / 15:05
Aha. Aha. Bura kimi gəldik. Bəs Abbas öləndə axı bütün uşaqlar yığışmışdı. A da gəldi. Necə oldu? Hmmm.
Deməli belə, Abbas ölməyib. Hamı başlayıb qışqırmağa ki, A gəlsin, A gəlsin. Abbas da A-nın paltarını maskasını geyinib, özü öz saxta cənazəsini qaldırıb. Camaat da inanıb. Sonra özü-özünü qəbristanlığda basdırıb. Hələ bir ağlayıb da. He he he. İdeal plan!!!! Sözüm yoxdu. Əla. İndi də camaat, özünü HOST-a qurban vermiş Abbasın xatirəsini yad edir və onu çiyinlərində daşıyan A-nın qarşısında diz çökür. Bir daşla iki quş. Bəs sonra? Mənim kitabım yayıldıqca bu nağıl tarixə çevriləcək. Sonra da. Sonra da hamı A-nın üzə çıxmasını gözlədiyi vaxtda A yoxa çıxacaq. Yəni ki, onlar üçün. Necə əvvəlcədən yox idi. Eləcə də sonradan olmayacaq. Amma İsa peyğəmbər də qeyb olmuşdu. Onun gəlişini hələ də gözləyirlər. A da qeyb olacaq. Bu da onun hər zaman dönə biləcəyinə işarə. Camaat bu nağıl ilə yaşayacaq. Dövlət öz siyasətini yeridib, torpaqlarını genişləndirir. Olmur adı Azərbaycan, olur HOST ölkəsi. Fərqi nədir? Bir xalq yüz dəfə himn dəyişir, hər əsr bayraq dəyişir, ad dəyişir..
Yox, yox. Çox uzaqlara getdim. Burada Ayselin məni atmasında da nə isə bir şey var. Bir də 9-cu mərtəbədən tullanmaq. Axı bunu Abbas edə bilməzdi. Bir də niyə hamımızın adı A ilə başlayır? Stop stop. Ola bilməz. Səhərdən fikirləşdiyim hamısı səhv idi..
Bəs Azadla, Aslanın lap əvvəldə türməyə düşməyi? Əgər dövlətə işləyirdilərsə necə türməyə düşüblər ki? Mən uşaq vaxtı futbol oynamaq istəyirdim. Top mənim idi, amma məni qoymurdular. Mən topumu götürəndə arxadan kismə başıma yekə daş atdı. Ondan sonra nə olmuşdu? Hansı xəstəxanada yatmışdım? Niyə yadıma gəlmir sağalmağım? Niyə heç nə yadıma gəlmir? Səyahətə çıxmamışdan mən artıq işləyirdim. Jurnalist işləyirdim. Amma HOST vaxtlarında universitetdə oxuyurdum. Bu necə olur? Əvvəl işləmişəm sonra oxumuşam? Yoxsa eyni vaxtda?
Bəlkə hamısını bu palatada yuxuda görürəm. Bəlkə Azadla türmədə qalanda bir gecə gəlib dedilər ki, sabah səni öz bölməmizə aparırıq. Başına oyun açacaqlar - bəlkə bu həmin bölmədir.Yox, yox. Paltarımı çıxarda bilmirəm. Paltarım belə düyünlənməsəydi onu çıxardıb hər şeyi bilərdim. Əgər üstümdə yaralar varsa deməli məni doğrudan da o bölmədə elə çırpıblar ki, ağlım başımdan çıxıb. Əgər yaralar yoxdursa deməli məni heç kəs döyməyib. Əgər iynə izləri bədənimdə çoxdursa deməli uşaq vaxtından dəli oluşam. 10 ildir başımdan aldığım zədəyə görə dəlixanada yatırdım. Müalicə olunurdum. Əgər çiynimi görə bilsəydim. Orada HOST-un tatusu olmalı idi. Mənim çiynimdə HOST yazısı olmalı idi. Əgər o varsa deməli hər şey doğrudan olub. Sadəcə Azad başımı bir az bərk vurub. Amma zibil paltarı heç cürə çıxarda bilmirəm. Zibilə qalsın hər şeyy. Mən ölmək istəyirəm. Heç nə başa düşmürəm. Həqiqət haradadır? Mən haradayam? Mən kiməm? A kimdi, HOST var ya yox? Mən A-yam, yoxsa A ümumiyyətlə uydurmadır? Bu dövlətin işidir yoxsa Allahın? Bəlkə həm dövlətin işidir, həm də A seçilmiş insanlardandır? Əgər dəliyəmsə bu qədər bilgi və materialı haradan bilirəm? Niyə Aysel getdi ki? Niyə Abbasın meyitini görmədim? Niyə uşaq vaxtı başıma daş dəyəndən sonra nə olduğu yadımda deyil? Görəsən dünya nə olacaq? Neçə vaxtdır buradayam? Bir ay, yoxsa 10 il? Əgər çevriliş oldusa dünya indi necədir? Bəlkə uşaqlıqdan burdayam və əslində Dünya tamam başqa cürdür? Bəlkə mən seçilmişəm indi də başqa dünyadayam? Nə? Nə? Köməy eləyin, kömək eləyin, kömək eləyin. AAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA məni kimsə eşidir? AAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA,buraxın məni!!! AAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA....nə baş verir? AAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA...
Qapı qapı.....kimsə qapını açır..kimsə qapını açmaq istəyir. Qapı açılır. Mən tanış sifətləri görürəm. Onlardan biri deyir:
- Necəsən? Deyəsən özünə gəldin. Həə? Yeni dünyanı görməyə hazırsan? GƏL GEDƏY...
[cavab]
Bölmeye qayıt
0.1401 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az